Azərbaycan növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək

Azərbaycan növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası Bakıda keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 17-dən 20-dək davam edəcək tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya regionuna daxil olan 53 üzv ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulub.

Bundan əlavə, bir sıra beynəlxalq təşkilatların nümayəndələri konfransa müşahidəçi qismində dəvət olunublar.

Avropa Komissiyasının 37-ci sessiyasının gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı və büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib. Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun regiona dair iş proqramının və büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.

Regional konfrans çərçivəsində "Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər – 2050-ci ildə ərzağın vəziyyəti" mövzusunda nazirlərin "dəyirmi masa" görüşü keçiriləcək.Görüşdə üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qısa və uzunmüddətli tövsiyələrin hazırlanması və digər məsələlər barədə müzakirələr aparılacaq. Regional konfrans çərçivəsində bir sıra tədbirlər və kiçik sərgilər də təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə