Azərbaycanda insan hüquq və azadlıqlarına dair dörd kitab nəşr etdirəcək

Azərbaycanda insan hüquq və azadlıqlarına dair dörd kitab nəşr etdirəcək

Yaxın vaxtlarda Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı insan hüquq və azadlıqlarına dair kütləvi tirajla dörd kitab nəşr etdirəcək.SİA-nın xəbərinə görə, bu kitablar Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na dəstək məqsədilə nəşr olunacaq.

Bunlar "Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və meyarları üzrə təlimat", "Qaçqınların statusuna dair Konvensiya və Protokol", "Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Qanunvericilik Toplusu", "Qaçqınların beynəlxalq himayəsi - yaddaş kitabçası" adlı kitablardır.

Azərbaycanda qaçqın və məcburi köçkün problemi nəzərə alınaraq bu kitabların hüquq mühafizə orqanları, məhkəmələr, o cümlədən geniş oxucu auditoriyasında pulsuz yayılması nəzərdə tutulub.Vəsaitlərin nəşr olunmasının əsas məqsədi "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına ictimai dəstəyin təmin olunması, qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayanların hüquqlarının daha səmərəli müdafiəsinə yardım etməkdir.

Nəşrlərin məsləhətçiləri hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Bela İsmayılova, redaktoru hüquq üzrə fəlsəfə doktoru, AHK-in baş katibi, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri Nadir Adilovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə