Müştərək ruhun oyanışı: İstanbulda Novruz rəngarəngliyi- FOTOSESSİYA
Yazın müjdəçisi sayılan Novruz bayramı bütün Türkiyədə, xüsusilə də İstanbul və Ankarada 21 martda böyük sevinclə qarşılandı. Türk dünyasından gələn sənətçilər və rəqs qrupları İstanbul və Ankaradakı böyük tədbirlərdə iştirak ediblər. İstanbul Valiliyi, İstanbul Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi və Zeytunburnu Bələdiyyəsinin təşkilatçılığı ilə Topqapı Mədəniyyət Parkında Novruz Bayramı ilə əlaqədar böyük bir tədbir keçirilib. İstanbuldakı Azərbaycan Baş Konsulluğu da öz növbəsində belə bir tədbirin həyata keçirilməsində yaxından iştirak edib.
Əvvəlcə onu qeyd edək ki, Topqapı Mədəniyyət Parkında Türk dünyasına aid "Türk Evləri" adı verilən muzeylər mövcuddur. Bu ev-muzeylərdə hər bir Türk dünyasına aid ölkənin milli-ədəbi abidələri və xalq yaradıcılığına aid eksponatlar nümayiş etdirilir. İstanbuldakı Azərbaycan Respublikası Baş konsulluğunun, xüsusilə Baş konsulumuz Həsən Zeynalov və konsulluğun mədəniyyət işləri üzrə konsulu Emma Heydərovanın təşkilatçılıq səyləri ilə Azərbaycana aid ev-muzey milli-mədəni eksponatlarımızla təmtəraqlı şəkildə bəzədilmiş və gələn qonaqlara nümayiş etdirilib.
Azərbaycan Respublikası İstanbul Baş konsulu möhtərəm Həsən Zeynalov İstanbulda Novruz Bayramı münasibəti ilə keçirilən tədbirdə SİA-ya eksklüziv olaraq müsahibə verib: " Əvvəlcə Azərbaycan xalqını bu bahar bayramı münasibətilə təbrik edir, xalqımıza daha da firavan günlər arzulayıram. Bizlər İstanbulda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi-ictimai strategiyası istiqamətində Azərbaycan mədəniyyətini Türkiyədə daha da güclü şəkildə təmsil etmək üçün səylərimizi əsirgəmirik. Məhz bu gün İstanbulda, Novruz bayramının belə təmtəraqlı keçirilməsi də bunun bariz göstəricisidir. Gördüyünüz kimi buradakı Azərbaycan evində nümayiş etdirilən milli-mədəni eksponatlar bura gələn qonaqlara milli-mədəni abidələrimiz haqqında dolğun məlumatlar çatdırır ".
İstanbulda Topqapı Parkında Novruz Bayramı Münasibəti ilə keçirilən tədbir İstanbul Valisi Avni Mutlunun Türk Evlərinə doğru gəlməsi ilə başladı. Vali, İstanbulda yerləşən Türk dünyası ölkələri Baş konsulları və tədbirdə iştirak etmək üçün gələn qonaqlarla bayramlaşaraq görüşüb. Daha sonra Vali Avni Mutlu Azərbaycan ev-muzeyinə doğru gələrək İstanbul Baş konsulumuz Həsən Zeynalov ilə bayramlaşıb. Baş konsolumuz da öz növbəsində Valiyə Novruz nemətləri ilə bəzədilmiş xonçanı təqdim edərək Vali Avni Mutlu ilə Novruzun milli simvolu olan yumurta döyüşdürüb. Vali üzünü Azərbaycan nümayəndə heyətinə tutaraq Azərbaycanlı qardaşlarının bayramını təbrik etdiyini, yeni gün mənasına gələn novruzun sevinc gətirməsini və bütün insanlıq üçün ürəklərin deyil novruz simvollarından biri olan yumurtaların qırılmasını arzuladığını ifadə etdi. Daha sonra qonaqlar və nümayəndə heyətləri Vali ilə birlikdə Baş Nazir Rəcəb Tayyib Ərdoğana hədiyyə edilmiş Qazax milli çadırına keçərək burada da bayramlaşmağa davam etdilər.
Qazax milli çadırındakı görüşdən sonra rəsmi qonaqlar və bayram iştirakçıları tədbirin keçiriləcəyi meydana gəldilər. Burada Türk Dünyası Bələdiyyələr Birliyi sədri İbrahim Karaosmanoğlu çıxış edib: "Çox nadir bayramlar vardır ki, insanlığı əhatə edir və hər kəs tərəfindən bölüşdürülür. Məhz Novruz bayramı bizlərə baharı, həyatı və yenidən təbii oyanışı müjdələyən ən gözəl dostluq və qardaşlıq bayramıdır. Biz də bu gün burada bayram sevincini bölüşmək üçün bir yerə cəmləşmişik".
İstanbul valisi Avni Mutlu da yenidən hər kəsi salamlayaraq bayram əhval-ruhiyyəli nitq söylədi: "Bayramlar insanlığın gələcəyinə, qardaşlığın güclənməsinə səbəb olur. Bu coğrafiyada yaşayan hər kəs Novruz bayramına hazırlaşır. İstəyirik ki, bütün insanlığın qəlbində sevgi çiçəkləri açsın. Məhəbbət, bərəkət və gözəlliklər artsın istəyirik. Arzu edirik ki, bu yeni gün ölkəmiz ilə birlikdə bütün dünyaya gözəlliklər gətirəcəkdir ".
Tədbirin təşkilatçılarından Zeytinburnu bələdiyyə sədri Murad Aydın da SİA-ya verdiyi müsahibəsində Azərbaycan xalqının Novruz bayramını təbrik edərək belə söyləyib: "Azərbaycanlı qardaşlarımızın Novruz bayramını təbrik edir, xoşbəxtlik arzulayırıq. Bizlər sizləri çox sevir və qüdrətli Azərbaycan üçün əlimizdən gələn hər cürə dəstəyi verməyə hər zaman hazırıq " .
Novruz bayramı münasibətilə keçirilən tədbirdə Türk Dünyası Bələdiyyələr Birliyi sədri İbrahim Karaosmanoğlu da öz növbəsində SİA-ya verdiyi müsahibəsində Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etmiş və Türk Dünyası Bələdiyyələr Birliyi sədri olaraq müştərək mədəni-ictmai fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi tədbirlərin gələcəkdə də görüləcəyini ifadə edib.
Novruz Bayramı münasibətilə keçirilən tədbirin rəsmi çıxışlar hissəsi qurtardıqdan sonra Vali və digər rəsmi qonaqlar Novruz alovunun üstündən atlayıb yumurta döyüşdürərək novruz simvollarından olan çəkiclə dəmirə vurdular. Beləliklə İstanbul Bələdiyyəsi Mehtər qrupu tərəfindən bayram proqramı başladı. Şair-ozan Əsəd Kabaklı və Əhməd Poyrazoğlunun sazlı-sözlü çıxışları da iştirakçılar tərəfindən sevinclə qarşılandı. Daha sonra isə Türk dünyasından gəlmiş rəqs qrupları öz məharətlərini də göstərərək tədbirin özünəməxsus rənglərini nümayiş etdirdilər. Türk Dünyası Parkındakı Novruz şənliyi iştirakçılara təqdim olunan ənənəvi novruz nemətləri ilə sona çatdı.
Ənənəvi Novruz Bayramı Şöləni
Topqapı Parkındakı Novruz Bayramı münasibəti ilə keçirilən tədbirdə 2010-cu ildə İstanbulda qurulan İstanbul Türkiyə Azərbaycan Dərnəyi qurucusu və sədri Səfər Qaraqoyunlu tərəfindən SİA- olaraq bayram şöləninə dəvət olunduq. İstanbulun mərkəzi səmtlərindən birində, Kadıköy Bahariyyə prospektində Kadıköy Xalq Təhsil Mərkəzində saat 19:30-da böyük bir tədbirlə Novruz Bayramı şöləni təşkil olunmuşdu. Şölən çərçivəsində iştirak edənlərə Novruzla bağlı milli nemətlərimiz və şirniyyatlar təqdim olunur, yaxın və uzaqdan gələn qonaqlar bir birləri ilə bayramlaşırdı. 20:00-da artıq Ənənəvi Novruz Bayramı Şöləni rəsmi olaraq İstanbul Türkiyə Azərbaycan Dərnəyi sədri Səfər Qaraqoyunlunun açılış nitqi ilə başladı. Sədr, Novruz bayramının qardaşlıq bayramı olduğunu vurğulayaraq, salonda hər kəsin bayramlaşmasını və küsülü var isə barışmasını istədi. Məhz belə bir istəyin Novruz bayramının mahiyyətinə müvafiq olduğunu diqqətə çatdıraraq Novruz bayramı sayəsində müştərək dəyərlərimizin və yaxınlığımızın daha da gücləndiyini ifadə etdi. Daha sonra Azərbaycan Respublikası İstanbul Baş konsulu Həsən Zeynalov da çıxış edərək Novruz bayramının tarixinə, bayramın Azərbaycanda keçirilmə tərzinə və ən nəhayət Novruz bayramında insanın zahiri tərəfinin təmizlənməsi kimi daxili tərəfinin paklaşa biləcəyini vurğuladı. Möhtərəm Baş konsula görə məhz Novruz Bayramının təbiətin oyanışı timsalında ən əsas mahiyyəti və funksional rolu da bundan ibarətdir.
Daha sonra millət vəkilləri, elm adamları və digər dəyərli qonaqlar tərəfindən nitqlər söylənərək tədbirin sənətçilər tərəfindən təqdim olunmasına keçildi: Tuna Güvenç (Akkardion), Əsəd Kabaklı(Xalq ozanı), Əlixan Səmədov (Balaban), Tahir Zakirov (Qarmon), Zahid Qubadlı(Klarnet), Burak Şen, Hakan Türk(Basgitara), Vəlixan Səmədov(Nağara), Alp Akmaz(Balaban), Deniz Altuğ(Balaban), Seyran İsmayılxanov (müğənni) və digər sənətçilər Novruz bayramının ruhuna müvafiq olaraq öz məharətlərini göstərdilər. Sənətçilərin təqdim etdikləri mahnılar, şeirlər və rəqslər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Tədbir böyük bir sevinclə, qardaşlıq və dostluq hisslərini bölüşərək sona çatdı.
Ümumiyyətlə Novruz Bayramının qitələrin birləşdiyi bir yerdə, İstanbul şəhərində belə bir rəngarəngliklə keçirilməsi müştərək ruhumuzun və dəyərlərimizin yenidən canlılıq qazanması baxımından əlamətdar bir hadisədir. Məhz bu yenidən canlılıq qazanma da Novruzun mahiyyətinə müvafiqdir. Çünki təbiət ilə birlikdə insanlığın da yenidən paklaşması, canlılıq qazanması dünyadakı həyatımıza son dərəcə müsbət təsir göstərəcəkdir. Məhz bu ilki İstanbuldakı Novruz bayramı tədbirləri də rəngarəngliyi və pak duyğular aşılaması ilə iştirakçıların yaddaşlarında əbədiyyən qalacaq.
Rəşad İlyasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB