Uitni Hyustonun ölüm səbəbi məlum olub

Uitni Hyustonun ölüm səbəbi məlum olub
Məşhur müğənni Uitni Hyustonun ölüm səbəbi məlum olub. Los Anceles dairə baş müstəntiqi Kreyq Harvi ilkin ekspertizanın nəticələrinə dair hesabatında bildirib ki, Uitni Hyuston oteldə vanna otağında boğularaq ölüb. Onun boğulmasına səbəb isə kokain qəbulu və aterosklerotik ürək xəstəliyinin təsiri olub. Bir səhifəlik ekspertiza hesabatında bildirilir ki, Hyustonun kokain qəbul etdiyi müddət vanna otağında boğulmasından bir qədər əvvələ təsadüf edir. Onun arteriyalarında 60 faiz daralma müşahidə olunub ki, bu da kokaindən istifadə ilə əlaqədar ürək xəstəliyinin kəskinləşməsinə səbəb olub. Nəticədə müğənni suyun altına gedib, bu zaman o sağ olub, bir qədər sonra boğularaq ölüb. Baş müstəntiq Kreyq Harvinin sözlərinə görə, boğulma faktını müğənninin ağciyərlərində su aşkar edilməsi də sübut edir.Toksikoloji testlər isə onun orqanizmində marixuana kimi narkotik maddə, sakitləşdirici və əzələ-yumşaldıcı dərman preparatları da aşkar edilib, lakin onlar Uitni Hyustonun ölümünə səbəb olmayıb. Ekspertizanın yekun və tam nəticələri isə 2 həftədən sonra ictimaiyyətə açıqlanacaq. Ekspertizanın ilkin nəticələrindən sonra Uitni Hyustonun ailə üzvləri toksikoloji testin nəticəsindən məyus olduqlarını, lakin işin yekunlaşmasına şad olduqlarını bildirib. Xatırladaq ki, pop musiqisinin kraliçası Uitni Hyuston fevralın 11-də ABŞ-ın Los Anceles şəhərindəki Beverli Hilton otelində ölü tapılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə