“Akkord” Korporasiyası \"Caspian Energy Integration Award - 2012\" mükafatına layiq görülüb - FOTO

“Akkord” Korporasiyası \"Caspian Energy Integration Award - 2012\" mükafatına layiq görülüb - FOTO

Bu gün Bakıda \"Caspian Energy Integration Award - 2012\" 8-ci beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. mükafat öz ölkələrinin ərazisində sənaye və sosial sahələrdə ən aktiv iştirak edən, həmçinin dünya bazarlarında fəaliyyət dairəsini dinamik şəkildə genişləndirən şirkət və təşkilatlara təqdim edilib. Caspian Energy International Media Group-un baş partnyor kimi çıxış etdiyi tədbirin partnyorları "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və "SOCAR-AQS" MMC olub.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"-dan SİA-ya verilən məlumata görə, bir çox nüfuzlu təşkilat nümayəndələrinin və iş adamlarının qatıldığı tədbiri giriş sözü ilə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti və baş icraçı direktoru Telman Əliyev açıb. CEIBC-ə üzv şirkətlər və Caspian Energy International Media Group-un çoxsaylı oxucu auditoriyası adından göstərdiyi dəstəyə görə CEIBC-in fəxri sədri, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edən T.Əliyev tədbirin partnyorları - "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadəyə və "SOCAR-AQS" MMC-nin rəhbərinə də təşəkkürünü bildirib.

Mərasimdə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Nazirlər Kabinetinin sənaye və energetika şöbəsinin rəis müavini Şirin Şirinov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutor çıxış edərək \"Caspian Energy Integration Award - 2012\" mükafatının əhəmiyyətindən, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun Xəzər regionu şirkətləri ilə Avropa Birliyi ölkələri arasındakı əlaqələrin yaradılmasındakı rolundan danışıblar.

Bundan sonra mərasim müxtəlif nominasiyalar üzrə mükafatların təqdim olunması ilə davam edib. Tədbirdə ilk mükafat "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə təqdim olunub. Son illər ərzində fəaliyyət dairəsini daha da genişləndirərək dünya arenasına çıxan Korporasiya "İlin tikinti şirkəti" nominasiyasının qalibi elan olunub. \"Caspian Energy Integration Award - 2012\" mükafatı Korporasiyanın rəhbəri Xaqani Quluzadəyə təqdim edilib. Tədbirdə çıxış edən X.Quluzadə bütün iştirakçıları salamlayaraq bu nüfuzlu mükafata görə təşəkkürünü bildirib. O, qeyd edib ki, "Akkord" Korporasiyası Azərbaycan hüdudlarını aşan və beynəlxalq səviyyədə rəqabətədavamlı transmilli korporasiyaya çevrilmək niyyətindədir. "Bu mükafat bizim düzgün istiqamət götürdüyümüzün parlaq nümunəsidir", - X.Quluzadə vurğulayıb. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunu 10 illik yubileyi münasibətilə təbrik edən Korporasiya rəhbəri digər nominasiyalar üzrə qalib gələn bütün iştirakçılara yeni-yeni uğurlar arzulayıb.

Mərasimdə ümumilikdə 20 nominasiya üzrə mükafatlar müxtəlif şirkət və təşkilatlara təqdim edilib.

Qeyd edək ki, nüfuzlu \"Caspian Energy Integration Award - 2012\" beynəlxalq mükafatı Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən Xəzər-Qara dəniz-Baltik regionuna daxil olan 50 ölkənin 500 şirkətində çalışan top menecerlər və Caspian Energy International Media Group nəşrlərinin oxucu auditoriyası arasında aparılan sorğunun nəticələrinə əsasən seçilmiş nominantlara təqdim edilir.

Tədbirdə iştirakçılara iki dildə nəşr olunan və dünyanın 50-dən artıq ölkəsində yayılan "Caspian Energy" jurnalının 70-ci yubiley sayı da paylanılıb. Mərasim konsert proqramı ilə müşaiyət olunub.

CEIBC prezidenti analoji tədbirlərin Rusiya, Qazaxıstan, Türkiyə və Avropada da keçirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə