Ramil Usubov müsabiqənin qaliblərini qəbul edib

Ramil Usubov müsabiqənin qaliblərini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxili işlər naziri qalibləri təbrik edib. Nazir qeyd edib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 273 nəfər daxili işlər orqanlarına (DİO) xidmətə qəbul üçün müraciət edib. Onlardan \"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında\" Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 120 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, test imtahanlarından 65 və daha çox bal toplamış 56, o cümlədən 45 ali hüquq, 11-i isə ali pedaqoji təhsilli namizəd bu çətin sınaqdan uğurla çıxıb.

Daha sonra DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Müsabiqəyə 50 vakant yer elan olunmasına baxmayaraq, daxili işlər naziri tərəfindən imtahanları müvəffəqiyyətlə vermiş 56 namizədin hamısının DİO-da xidmətə qəbul olunması barədə müvafiq göstəriş verilib. Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikanın şəhər, rayon polis orqanlarında istintaq, təhqiqat və bayır xidmətlərindəki vakant vəzifələrə təyin edilib.

Tədbirin sonunda R.Usubov \"polis leytenantı\" xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim edib. Nazir gənc zabitlərin qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəyinə, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəyinə, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacağına, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcəklərinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə