Vüqar Rəhimzadə: “Yazılı media hələ uzun müddət cəmiyyət üçün gərəkli olacaq” - MÜSAHİBƏ

Vüqar Rəhimzadə: “Yazılı media hələ uzun müddət cəmiyyət üçün gərəkli olacaq” - MÜSAHİBƏ

"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi

- Azərbaycan Mətbuat Şurasının yaranmasından 9 il keçir. Bu müddət ərzində Azərbaycan mətbuatı hansı uğurlara imza atıb?

- Ötən müddətdə Azərbaycan mətbuatının əldə etdiyi uğurları zənnimcə, bir neçə istiqamətdə dəyərləndirmək olar. Birincisi, mediamız üçün yeni məsuliyyət kateqoriyaları müəyyənləşdi. Jurnalistlər yazdıqları materialların ictimailik faktoruna diqqət yetirməyə başladılar. Özlərinə peşə fəaliyyətinin mümkün ziyanlarını da daha çox götür-qoy etməyi aşıladılar. Kütləvi informasiya vasitələrinin yeni peşəkarlıq vərdişləri yarandı. İkincisi, media sahəsində 2003-cü ilədək yaradılmış hüquqi baza daha da təkmilləşdi. Ölkədə \"İnformasiya əldə etmək haqqında\" Qanun qəbul edildi, onun işləkliliyinin təminatına dair proseslərin mütəhərrikləşdirilməsi üçün dövlət sənədlərinə müvafiq dəyişikliklər aparıldı. Üçüncüsü, bilavasitə medianın, inkişafına yönələn tədbirlər gerçəkləşdirildi. Bu baxımdan qəzetlərin \"Azərbaycan\" Nəşriyyatına dondurulmuş borclarının ləğvini, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsini və onlara sistemli dövlət qayğısını nəzərdə tutan Konsepsiyanın qəbulunu vurğulamaq istərdim. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu gün medianın iqtisadi cəhətdən möhkəmləniməsinə yönələn tədbirlər reallaşdırmaqdadır.

Ümumiyyətlə, şura 9 illik fəaliyyəti ilə medianın avanqard qüvvəsinə çevrilməyi bacardı. Hesab edirəm ki, bu, qurumun ən böyük uğurlarından biri oldu.


- Bəs, "Reket jurnalistikası"na qarşı mübarizə sahəsində nə kimi nailiyyətlər əldə olunub? Bu haqda fikirləriniz bilmək istərdik?

- Mətbuat Şurası əslində missiya etibarilə həm də media sahəsində 2003-cü ilədək geniş qol-qanad açmış neqativliklərin ümumiləşdirilmiş siması olan \"reket jurnalistika\" ilə mübarizə zərurətindən meydana çıxdı. Amma demək olmaz ki, fəaliyyəti təkcə bu mübarizə ilə məhdudlaşdı. Qeyd etdiyim kimi, Şura jurnalistikamıza ümumilikdə nüfuz etməyi bacardı.

MŞ 9 illik fəaliyyəti ilə mətbuatımızın zəngin tarixi ənənələrə əsaslanan keçmişindən gələn ənənələrin yenidən bərqərar olması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət kursu reallaşdırdı. Bu kurs cəmiyyətin jurnalistika ilə bağlı mənfi təsəvvürlərinin dəyişməsinə, ona etibarlı ictimai institut kimi yanaşmasına təkan verdi.

\"Reket jurnalistika\" ilə mübarizə ona görə mühüm səciyyə daşıdı ki, bu bəlanın ayrı-ayrı fəsadları təkcə media ənənələrini kölgə altına almırdı, bütövlükdə cəmiyyət üzvlərini təhdid edirdi. Hesab edirəm ki, ötən müddətin mövcud istiqamətdəki ən mühüm addımı ümumən jurnalistikamızın adından sui-istifadəyə yol verənlərə qarşı effektiv mübarizə sisteminin formalaşdırılması və ictimaiyyətin bu prosesi dəstəkləməsini təmin etmək idi. Zənnimcə, qarşıya qoyulan vəzifə mümkün qədər həyata keçirilib. Həm cəmiyyətin, həm də həqiqi jurnalistikanın mənafeyi uzlaşdırılıb.


- Vüqar müəllim, ölkəmizdə jurnalistlərin öz peşəsini yerinə yetirməsi ilə bağlı problemin olmadığını beynəlxalq təşkilatlar da etiraf edir. Əlbəttə, elə təşkilatlar da var ki, onlar məhz müxalifət mətbuatının yazdıqlarını əsas götürüb hesabat hazırlayırlar. Bu ədalətsizliyi aradan qaldırmaq üçün mətbuatımız hansı işləri görməlidir?

- Söz və mətbuat azadlığı ilə bağlı məsələlərə dünyada həssas yanaşıldığından, bu sahədə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar mövcud istiqamətdə spekulyasiyalara baş vururlar. Onu da deyim ki, əvvəllər belə hallar özünü daha qabarıq göstərirdi. KİV-lərin hədsiz siyasiləşdikləri zamanlarda onların ayrı-ayrı qrupların mənafeyinin ifadəçisi olmaq kimi tendensiyalar daha aktual idi. Bunlar hamısı KİV-lərin siyasi asılılığından irəli gəlirdi. Azərbaycan dövləti ötən illər ərzində reallaşdırdığı fəaliyyət kursu ilə əslində həmin tendensiyanı aradan qaldırdı. Bu çox uğurlu bir haldır. Müstəqil mövqe tutan, əslində isə peşə prinsiplərinə dəyər verən mətbuat orqanlarının sayı artdı. Radikal və barışmaz mövqe tutan bir sıra nəşrlər fəaliyyətlərini sivil forma və metodlarla reallaşdırmağa üstünlük verdilər və əslində mənəvi anlamda qazandılar.

Təbii ki, qeyd etdiyiniz istiqamətdə problemlər var və heç şübhəsiz, onlar da aradan qalxacaq. Amma belə məsələlərin həlli təkcə dövlətin və ya ictimai qurum kimi Mətbuat Şurasının işi deyil. Jurnalistlər özləri də qeyri-səmimi səciyyə daşıyan, onların neçə illər ərzində əldə etdikləri peşəkarlıq dəyərlərini heçə endirmək istəyənlərə qarşı aktiv mübarizə aparmalı, mövqelərini qətiyyətli şəkildə ortaya qoymalıdırlar. Çünki bəzilərinin üzərindən bazarlıq etməyə cəhd göstərdikləri söz və mətbuat azadlığı ilə bağlı dəyərlər hamımız üçün, böyük anlamda isə cəmiyyət üçün qorunması vacib əhəmiyyət daşıyan məxəzlərdir.


- Azərbaycanda hələ yeni olan elektron medianı necə qiymətləndirirsiniz və ümumiyyətlə, yaxın 10 ildə qəzetlərin tamamilə sıradan çıxacağı və yeri yeni mediaya verəcəyi fikri ilə razısınızmı?

- Qətiyyən razı deyiləm. Yazılı mətbuat əsrlərlə mövcud olub, və bundan sonar da olacaq. İnternet var gücü ilə cəmiyyət həyatının bütün sahələrinə daxil olmaqdadır. Onun sürətli inkişafı medianın yeni qolunun - onlayn jurnalistikanın formalaşmasına gətirib. Azərbaycanda da bu proses gedir, dünyada da. Hesab edirəm ki, Azərbaycan jurnalistikası bu dövrün tələblərinə uyğunlaşmalı, fəaliyyətinin ona uyğun qurmalıdır. Bundan böyük hesabla ölkəmizin beynəlxalq miqyasda daha da tanınması, eyni zamanda Azərbaycan həqiqətləri ilə bağlı bilgilərin çatdırılması asılıdır.

Amma qeyd edək ki, onlayn media ənənəvi mediadan fərqli olaraq daha az tənzimlənir, demək olar, ümumiyyətlə tənzimlənmir ki, hazırkı şərait istənilən qeyri-peşəkarların da bu sahəyə axınına gətirə bilər və gətirir də. Mövcud durumun isə şübhəsiz ki, fəsadlarla nəticələnmə ehtimalı böyükdür. Hesab edirəm ki, indiki məqamda qəzetlərin üzərinə böyük missiya düşür. Onlar informasiya bolluğu, onlayn jurnalistikanın pərakəndə çoxluğu şəraitində özlərini peşəkarlıq modeli kimi təsdiqləyə, cəmiyyətin elitar informasiya mənbəyi kimi doğrulda bilərlər. Məhz peşəkarlığa olan tələbi ödəsələr, vətəndaşların zövqünü oxşamağı bacarsalar, öz varlıqlarını sürdürə biləcəklər. Düşünürəm ki, yazılı media hələ uzun müddət cəmiyyət üçün gərəkli olacaq.


- Mətbuat işçiləri daim ən az maaşın bu sahədə olduğunu iddia edirlər. Ümumiyyətlə, jurnalistlərin sosial durumlarının yaxsılaşdırlması, şəhər nəliyyatlarından pulsuz istifadəsi ilə bağlı mətbuatda yeni layihələrin işlənəcəyi səsləndirilirdi. Bu məsələlər yaxın günlərdə reallaşdırıla bilərmi?

- Azərbaycan dövləti qeyd etdiyiniz məsələlərlə bağlı sistemli fəaliyyət kursu reallaşdırmaqdadır. Mətbuat Şurası da bu proseslərə ciddi dəstək verib və verməkdədir. Möhtərəm Prezident İlham Əliyevin Şuranın təkliflərinə həssas münasibətinin, mətbuata diqqət və qayğısının nəticəsi idi ki, jurnalistlər üçün mənzil tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb və hazırda yaşayış binasının tikintisi gedir. Hesab edirəm ki, qarşıdakı müddətdə jurnalistlərin maddi durumunun yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin sayı daha da artacaq.

Söhbət konkret olaraq güzəştlərin tətbiqindən gedirsə, burada ehtiyatlı davranmaq lazımdır. Təkliflər gəlir ki, jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər. Təbii ki, bunun təsbiti hansısa qanunvericilik aktına əsaslanmalıdır. Qanunlar isə bir təbiətlidir. Yəni qanun deyək ki, cibində jurnalist vəsiqəsi gəzdirən hər kəs jurnalist kimi tanıyır. Amma biz bilirik ki, ölkədə qeydə alınan təminən 60 min jurnalist vəsiqəli şəxsin deyərdim ki, böyük hissəsi normal jurnalistikadan uzaqdır. Buna görə də düşünürəm ki, ilk növbədə bu istiqamətdə müəyyən tənzimlənmə aparılmalıdır. Jurnalistlər onlardan olmayanları üzə çıxarmalı, ictimai qınağa cəlb etmək yönümlü tədbirlərə dəstək olmalıdırlar. Bu kimi mənfi meyllər aradan qalxdıqdan, belə demək mümkünsə, sular tam durulduqdan sonra jurnalistlər üçün güzəştlərin tətbiqini daha optimal dəyərləndirirəm.


- Son bir ildə Azərbaycanda internet televizyaların yaranması prosesi sürətlənib. Sizcə, internet televiziyaya maraq və bunun ciddiyə alınması nə dərəcədədir?

- Əslində bu barədə az öncə internet medianın timsalında söhbət açdım. Fikrimi bir qədər də genişləndirərək deyim ki, hazırda dünyada bir çox telekanallar üçün xarakterik xüsusiyyət yayımlarını internet üzərindən həyata keçirmələridir. Burada bir ictimai tələbat, eyni zamanda iqtisadi sərfəlilik da var. Amma demək olmaz ki, dünyanın nüfuzlu telekanalları öz varlıqlarını sürdürmək baxımdan çətinliklərlə üzləşirlər.

Azərbaycanla bağlı isə onu deyə bilərəm ki, internet qəzet, jurnal, informasiya portallarından fərqli olaraq yaxın 10-15 il, bəlkə də daha çox müddət ərzində cəmiyyətin internet televiziyaya marağının sarsılacağını söyləmək çətindir. Çünki indinin özündə də ənənəvi telekanalların etibarlı informasiya mənbəyi kimi nüfuzu xeyli möhkəm görünür.

Bütün hallarda cəmiyyətdə şəffaflığın qorunması, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəmlənməsinə xidmət göstərən hər bir KİV-in fəaliyyətinin güclənməsi insanlar üçün yalnız fayda gətirə bilər. Yetər ki, onlar peşə dəyərlərinə sadiqliklərini qorusunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə