Nazir növbəti dəfə şikayətçiləri qəbul etdi - FOTOSESSİYA

Nazir növbəti dəfə şikayətçiləri qəbul etdi - FOTOSESSİYA

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirlikdə daha bir qrup vətəndaşı qəbul edib. SİA-nın xəbərinə görə, şikayət ərizələri Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən araşdırılarkən, ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericilik barədə məlumatsız olduqları, bu səbəbdən əsassız şikayət ərizələri yazdıqları müəyyən edilib. Həmin insanlara müvafiq qanunvericilik ətraflı şəkildə izah olunub.

Eyni zamanda, bir sıra vətəndaşların şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı və belə narazılıqların yerli strukturların bəzi əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərilməsi hallarından irəli gəldiyi məlum olub. Vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlarla bağlı tədbirlər görülməsi barədə tapşırıq verən nazir Fizuli Ələkbərov hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Vətəndaşların qəbulu zamanı onlardan yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olanların gələcəkdə "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

Qəbul zamanı minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanan, yaşı 90-ı ötmüş Böyük Vətən müharibəsi əlilləri - Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər Hüsü Təhməzov və Məhərrəm Məhərrəmov, Astara rayon sakini Ağabəy Dadaşov, Göygöl rayon sakini Şaban Cəfərov NAZ-LİFAN markalı minik avtomobilləri ilə təmin olunub. Onlar əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə göstərilən daimi diqqət və qayğıya, həmçinin Novruz bayramı ərəfəsində onlara minik avtomobili hədiyyəsi ilə sevinc bəxş edildiyinə görə dövlətimizin rəhbərinə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu, nazir Fizuli Ələkbərov tərəfindən 2011-ci il və cari ilin ötən dövrü ərzində keçirilən sayca 16-cə qəbuldur. Ümumiyyətlə, bu müddətdə nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakı, Gəncə şəhərlərində, Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı, Samux, Fizuli, Şamaxı, Salyan və s. rayonlarda ümumilikdə 800-ə nəfərə yaxın vətəndaş qəbul edilərək, onların müraciətləri obyektiv və ədalətli tərzdə araşdırılıb. Vətəndaş qəbulları nəticəsində vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayı xeyli azalmaqla, eyni zamanda nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hissi güclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə