Azərbaycanın Tehrandakı səfiri İran XİN-ə niyə çağırılıb?

Azərbaycanın Tehrandakı səfiri İran XİN-ə niyə çağırılıb?

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İran İslam İnqilabı Mühafizəçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi ilə bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İRNA agentliyinin verdiyi xəbərə görə, görüşdə İran XİN-i etirazını bildirərək Azərbaycan tərəfinin bütün ittihamlarını rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.

Qeyd olunub ki, "sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamları İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər".

Öz növbəsində Cavanşir Axundov bildirib ki, Azərbaycan İranla əməkdaşlığın genişlənməsində maraqlıdır. O, Tehranın rəsmi mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə