Habil Məlikov: “Ötən axşamdan başlayaraq yağan qar 162 yaşayış məntəqəsini işıqsız qoyub” - AÇIQLAMA

Habil Məlikov: “Ötən axşamdan başlayaraq yağan qar 162 yaşayış məntəqəsini işıqsız qoyub” - AÇIQLAMA

"Ötən axşamdan başlayaraq yağan qar rayonun 162 yaşayış məntəqəsini işıqsız qoyub". Bunu SİA-ya açıqlamasında Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda Lerikə yağan qar yalnız elektrik enerjisinin kəsilməsi ilə nəticələnib. Digər komunal xidmətlər əvvəlki qayda ilə fəaliyyət göstərir: "Rayon ərazisində qarın qalınlığı rayon mərkəzində 40-45 sm, ucqar yaşayış məntəqələrində isə 80 sm-1 m-ə çatıb. Lerik-Lənkəran yolu açıqdı. Yalnız kənd arası yollarda gediş gəliş bir qədər çətinləşib ki, bununda aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Havanın nisbətən mülayimləşməsi yağan qarın yollarda buz bağlamasına imkan yaratmır".

Rayona və ətraf yaşayış məntəqələrinə elektrik enerjisinin verilişinin dayandırılmasına gəlincə, Habil Məlikov bildirib ki, Yardımlı-Televar-Lerik elektrik xəttində qəza baş verib. Qəzaya səbəb isə güclü qarın ağırlığına tab gətirməyən işıq dirəklərinin aşmasıdır: "Hazırda rayon ərazisində güclü qarın yağması davam etdiyindən qəza baş verən yeri tapmaq mümkün deyil. Azərenerjinin əməkdaşları elektrik enerjisinin bərpası istiqamətində ciddi tədbirlər görür. Eyni zamanda İcra Hakimiyyətinin kənd nümayəndəlikləri ərazidə vəziyyətə nəzarət edirlər. Bütün bunlara baxmayaraq bu saatlara kimi qəza baş verən ərazini tapmaq mümkün olmayıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Masallı-Yardımlı rayonları arasında daha bir qəza yeri mövcuddur. Çalışacağıq ki, günorta saatlarına kimi elektrik enerjisinin verilişi tam bərpa edilsin".

Qeyd edək ki, Lerik rayon hidrometeoroloji stansiyasından rayonda qarlı hava şəraitinin martının 18-ə kimi davam edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə