Akkord Korporasiyasının Dövlət Sosial Müdafiə Fonduna heç bir borcu yoxdur
Bəzi kütləvi informasiya vasitələrində "Akkord-Qum" MMC-nin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 8 min AZN məbləğində borcun ödənilməməsi səbəbindən məhkəməyə verilməsi, bank hesablarına həbs qoyulması, əmlakının satılması ilə bağlı yanlış, istehza doğuran informasiyalar yer almışdır. Məsələnin mahiyyəti barəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən qabaqcadan hər hansı bir məlumatı əldə etmədən yayılmış məlumatlar tərəfimizdən Korporasiyanın işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirilir. Bu səbəbdən Akkord Korporasiyası məsələ ilə bağlı real vəziyyəti əks etdirən faktları diqqətə çatdırmaqla yayılmış yanlış informasiyanın təkzib edilməsini tələb edir.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 10.08.2011-ci il tarixdən "Akkord-Qum" MMC-nin hüquqi varisidir.
Şirkətdən SİA-ya verilən məlumata görə, "Akkord-Qum" MMC-nin bütün qalıq borcları onun hüquq varisi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin qalıq borcuna daxil edilmiş və həmin borc məbləği "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən hələ 14.11.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüşdür. Borcun ödənildiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri sığorta edənlərlə iş üzrə departamentinin 99/01/03-3387 saylı, 24.11.2011-ci il tarixli məktubu ilə təsdiq olunur.
Əlavə olaraq vurğulamaq istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2011-ci ildə 7 233 984,57 AZN məbləğində sosial sığorta ödənişini həyata keçirib ki, bu da 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 5.2 dəfə çoxdur. 2012-ci ilin yanvar-fevral ərzində sosial sığorta ödənişlərinin həcmi 1 489 640,58 AZN təşkil etmişdir. İlin sonunadək bu məbləğin 8 200 000 AZN olması proqnozlaşdırılır.
Yekunda qeyd etmək istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tam və vaxtlı-vaxtında ödənişləri həyata keçirən təşkilatlar sırasındadır və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna heç bir borcu yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB