Son vaxtlar bəzi Kütləvi İnformasiya Vasitələrində, internet saytlarında Masallı rayonunda əhalinin rayon rəhbərindən narazı olması barədə materiallar dərc olunur. SİA-nın Rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, qeyd olunan müraciətlərdə özünü Masallı Rayon Ziyalılarının rəhbəri kimi adlandıran Məmmədağa Eynullayev ətrafına ziyalılar adından danışmağa mənəvi haqqı olmayan bir neçə adam yığaraq böhtan və şantajla öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edir: \"Bütün bunlar rayonumuzda həyata keçirilən tikinti, quruculuq və abadlıq işlərinə kölgə salmaq məqsədi daşıyır. Vaxtilə Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri işləyən, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunmuş Məmmədağa Eynullayev DSK-da bitərəf katib işləyərkən seçki prosesində ciddi saxtakarlığa yol verdiyinə görə MSK-nın qərarı ilə tutduğu vəzifədən azad olunan Ramil İbadullayevlə birlikdə kimlərinsə sifarişi ilə rayonda görülən işlərə qara yaxırlar\".
Mənbə bildirib ki, Məmmədağa Eynullayev 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin Masallı rayon şöbəsinin sədri olub. İcra hakimiyyətində vəzifə alandan sonra Xalq Cəbhəsindən istefa verib. İşlədiyi dövrdə həmişə icra başçısının siyasətini müdafiə edib. Bu, barədə mətbuatda dəfələrlə məqalə də çap olunub. Vəzifədən çıxarılandan sonra birdən-birə əvvəl söylədiyinin əksinə danışmağa başlayıb. Görünür şantaj yolu ilə vəzifə əldə etməyə cəhd göstərir\".
Masallı RİH-nin rəsmisi qeyd edib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Masallıda da necə böyük layihələr həyata keçirilir və ictimai-siyasi sabitlik hökm sürür. Artıq hər şeyi yaxşı anlayan, ağı qaradan asan seçən, ictimaiyyətimiz Məmmədağa və Ramil kimilərin yalançı hay-küyünə uymaz. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasəti ləyaqətlə həyata keçirən rayon rəhbərliyinin fəaliyyəti ziyalılarımız, ictimaiyyətimiz tərəfindən dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB