AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) 15 mart tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2012" adlı beynəlxalq tədbirə start verib. SİA-nın xəbərinə görə, mart 22-dək davam edəcək tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir.
Layihədə dünyanın müxtəlif ölkələrindən 40 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ("dözümlülük", "yerli adət və ənənələr və qlobalizasiya", "müasir dünyada mədəniyyət", "musiqi özünü ifadə etmə üsulu kimi" və s.) aparacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə edəcəklər.
Xatırladaq ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 15000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB