“Türk ocaqları”nın yubiley tədbirləri Sumqayıtda möhtəşəm gecə ilə başa çatdı - FOTO
Martın 13-də Bakıda start götürən "Türk Ocaqları"nın 100 illik yubiley mərasimləri Sumqayıtda möhtəşəm qapanış gecəsi ilə sona çatdı. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər Təşkilatı və QHT-lərin Sumqayıt şəhər Koordinasiya Mərkəzinin birgə hazırladıqları tədbirdə müharibə veteranları, millət vəkilləri, yerli bələdiyyənin rəhbərliyi, QHT və KİV nümayəndələri, ictimai fəal gənclər iştirak edib.
Gecədə çıxş edən AVMVB-nin sədr müavini Mübariz Quliyev qonaqları salamlayaraq, əsaslı yenidənqurma və təmirdən sonra Sumqayıtın ictimai iaşə və mədəni obyektləri sırasına yenicə daxil olmuş "Turan" (keçmiş "Lider-lahmacun") restoranının "açılış"ı anlamına gələn bu "qapanış gecəsi"nin çox anlamlı olduğunu, bu gecənin təşkilindən dərin məmnuniyyətlərini qeyd etdi.
Gecədə çıxış edən millət vəkili Qənirə Paşayeva üç gün ərzində "Türk Ocaqları"nın 100 illik yubileyi münasibəti ilə Azərbaycanda keçirilən mötəbər görüşlərin, təşkil olunan konfransların, mətbu çıxışların və digər tədbirlərin yaddaqalan olduğunu, gələcəyə yönəlik olumlu mesajların verildiyini, ideya və təşəbbüslərin meydana çıxdığını qeyd edib. Bir daha Əli Bəy Hüseyinzadə və Əhməd Bəy Ağaoğlununun, onların silahdaşlarının adını xatırladan Qənirə Paşayeva qapanış gecəsinin müharibə veteranlarının, gənclərin iştirakı ilə keçirilməsinin də özlüyündə bir mesaj olduğunu vurğuladı. "Türk Ocaqları"nı quran mütəfəkkirlərin fikir və düşüncələrinin bu gün də keçərli olduğunu, o ideyaların Azərbaycanın ərazi bütövlüyü, Türk Dünyasının birlik və bərabərliyi, dünyada öz haqq səsimizi ucalda bilməyimiz və s. kimi məsələlərdə bizə güc verdiyini ifadə etdi.
Millət vəkili prof. Musa Qasımlı, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, "Türk Ocaqları" İstanbul şöbəsinin başqanı dr. Cezmi Bayram çıxış edərək, "Türk Ocaqları"nın Azərbaycanda keçirilən 100 illik yubiley mərasimlərində iştirakdan böyük zövq aldıqlarını, bu günlərin istər ictimai-siyasi, istər mədəni baxımdan yaddaqalan və məhsuldar olduğunu qeyd etdilər.
Sonda qonaqlara "Türk Ocaqları"nın 100 illik yubileyi münasibəti ilə Xatirə Plaketləri və millət vəkili Qənirə Paşayevanın adından qiymətli hədiyyələr verildi. Qonaqlar da təşkilatçılara, millət vəkilləri və yerli bələdiyyənin rəhbərliyinə xatirə hədiyyələri təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB