Seymur Orucov: \"Müxalifətin sabahkı aksiya cəhdi də uğursuz alınacaq\" - AÇIQLAMA

Seymur Orucov: \"Müxalifətin sabahkı aksiya cəhdi də uğursuz alınacaq\" - AÇIQLAMA

"Müxalifətin sabahkı aksiya cəhdi də uğursuz alınacaq". Bu sözləri SİA-ya açıqlaması zamanı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib. O bildirib ki, müxalifət nümayəndələrinin sabahkı mitinqə neçə nəfər yığa biləcəyini hamı maraqla gözləyir: "Əvvəllər mitinq keçirmələrinə icazə verilmədiyindən şikayətlənən müxalifət nümayəndələri bu dəfə icazəli mitinq keçirəcəklər. İndi çox maraqlıdır ki, həmin mitinqdə ətraflarına neçə nəfəri toplaya biləcəklər. Mən hər zaman olduğu kimi yenə deyirəm ki, özlərini müxalifət adlandıran bu qurumların heç bir sosial dayağı olmadığından, onların mitinq keçirib ətraflarına kimisə toplamağa heç zaman gücləri olmayıb, olmayacaq da. Azərbaycan xalqı özünün düzgün yolunu seçib və bu istiqamətdə də irəliləyir. Azərbaycan gəncləri ölkə prezidentinin yürütdüyü siyasətin aliliyini görürlər və onunla birgə addımlayırlar. O ki qaldı müxalifət mitinqinə qoşulacaq gənclərə, mən əminliklə deyə bilərəm ki, müxalifətin böhtanlarına, yalanlarına uyan gənclərin sayı yox dərəcəsindədir".

Öz yolunu tapa bilməyən və gözəl gələcək quruculuğunda iştirak etməkdən məhrum olan gənclərlə dəfələrlə söhbət etdiyini deyən sədr qeyd edib ki, YAP Gənclər Birliyi olaraq bu cür gənclərə kömək etmək üçün istənilən addımın atılmasına hazırdır: "Mən dəfələrlə beynəlxalq konfranslarda və ya keçirilən tədbirlərdə bu cür gənclərə üzümü tutub onları doğru yola dəvət etmişəm. Onlar dərk etməlidirlər ki, Azərbaycan kimi gələcəyi parlaq olan, günü-gündən inkişaf edən dövlətdə yaşayırlar. Dövlətimizin əleyhinə yersiz çıxışlar edib, böhtançı müxalifətə qul olmaqdansa, bu dövlətin inkişafından bəhrələnərək öz potensiallarını artırsınlar. Dövlətin milli dəyərlərinə qarşı çıxıb xarici təşkilatlardan maliyyə yardımı alaraq öz gələcəklərini məhv etməkdənsə, gənclər təşkilatlarına qoşularaq öz karyeralarında nailliyyətlər qazanmağa can atsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə