Bu gün Daşkəsən rayonunda Heydər Əliyev adına meydanda Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbrik nitqində bildirib ki, bu gün tonqalının istisinə toplaşdığımız Novruz bayramı dünyada 300 milyondan çox müsəlmanlar tərəfindən qeyd olunur: \"Azərbaycan xalqı da milli özünəməxsus adət-ənənələrimizə uyğun olaraq bu gözəl günü qeyd edir. Xalqımızın adətidir, Novruz bayramında bütün yerlər təmiz, pak olmalı, küsənlər barışmalı, xeyir-bərəkət, bolluq, mehribançılıq, xoşbəxtlik hər bir şəxsə, bir sözlə, gözəl şən həyat arzu olunmalıdır. Novruz bayramının ruhuna uyğun olaraq Daşkəsən rayon rəhbərliyinin və ictimaiyyətinin iştirakı ilə rayon ərazisində yerləşən \"N\" saylı hərbi hissədə əsgərlərə bayram sovqatı aparılacaq. Rayon ərasində yaşayan 500 nəfər - şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz, tənha qocalar və aztəminatlı ailələr bayram sovqatı ilə sevindiriləcəkdir\".
İcra başçısı qeyd edib ki, bu gün rayonumuzda 2 qat bayramdır: \"Çünki 64 il bundan əvvəl mart ayının 16 -da Daşkəsən şəhəri təməli qoyulub. Yaxın vaxtlarda Prezidentimiz İlham Əliyevin rəhbərliyi və xeyir-duası ilə yaradılacaq müasir tipli Yeni Daşkəsən özünün gözəlliyi, ürəkləri sevindirən, xoş, səfalı yaylaqları ilə istirahət, kurort şəhəri kimi turizm mərkəzinə çeviriləcək. Daşkəsən qədim tarixi, gözəl təbiəti, çoxsaylı təbii sərvətləri - xüsusi ilə yeni yaradılacaq unikal Qızıl zavodu ilə dünyanın beynəlxalq iqtisadi bazasında məşhur olacaq. Rayonumuz qürur hissi ilə hər bir daşkəsənlinin fəxri ünvanına çeviriləcək\".
Ölkəmizin bütün ərazi bölgələrində Novruz bayramı el şənliyi kimi böyük təmtəraqla qeyd edilir. Ölkəmizdə gedən sürətli inkişaf, abadlıq və yenidənqurma işləri hər birimizi vətəndaş olaraq sevindirir. Şəhər və rayonlarımızda müstəqillik illərində qazanılan, yüksək səviyyədə əldə olunan nailiyyətlər ölkəmizdə sosial-iqtisadi, aqrar, ictimai-siyasi və digər sahələrdəki böyük irəliləyişlər, nail olunan qələbələr göz qabağındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB