Səbail rayonunun nümayəndələri Novruz bayramı ərəfəsində cəbhədə xidmət edən əsgərlərin qonağı olublar - FOTOSESSİYA

Səbail rayonunun nümayəndələri Novruz bayramı ərəfəsində cəbhədə xidmət edən əsgərlərin qonağı olublar - FOTOSESSİYA

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin bir qrup nümayəndəsi respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, əvvəlcə qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırıblar.

Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Nizami Əliyev şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Xalq artisti Nazpəri Dostəliyeva, populyar parodist Ramin Abdullayev, gənc müğənnilər Elçin Məhərrəmov və Fərid Məmmədovun gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N"saylı hərbi hissəsinin də qonağı olublar.

Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olub, burada da böyük bayram konserti təşkil olunub. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə