“Azərbaycan xalçaları: Naxçıvan qrupu”adlı broşürün təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

“Azərbaycan xalçaları: Naxçıvan qrupu”adlı broşürün təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Naxçıvan Dövlət Xalça Muzeyində "Azərbaycan xalçaları: Naxçıvan qrupu" broşürünün təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov qeyd edib ki, ötən əsrin 70-ci illərindən başlayaraq unudulmaqda olan xalq tətbiqi sənətinin inkişafı istiqa­mətində mühüm addımlar atılmış, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsimizin qorunması, öyrənilməsi və zənginləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilmiş, tarixi yaddaşın bərpası məqsədilə əhəmiyyətli tədbirlər görülüb. Ulu öndərimizin əsasını qoyduğu ənənələr hazırda Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması və Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi xalqımızın tarixi keçmişinə və milli dəyərlərin bərpasına göstərilən böyük qayğının ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli Sərəncamı və həmin sərəncamla təsdiq edilmiş geniş Tədbirlər Planı bu sahəyə ictimai və elmi diqqəti daha da artırıb. Çox böyük tarixi, elmi və mədəni əhəmiyyəti olan bu sərəncam xalq sənətinin inkişafına və qorunmasına təkan vermiş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dekorativ, tətbiqi, bədii tikmə və toxuma sənəti sərgiləri təşkil edilmiş, şəhər və rayonlarda keçirilən xalq yaradıcılığı günlərində tətbiqi sənət nümunələri nümayiş etdirilib. Bu sahədə fəaliyyətin mühüm istiqamətlərindən biri də muxtar respublikamızda xalça sənətinin gənclərə öyrədilməsindən ibarətdir. Naxçıvan Dövlət Universitetində tələbələrin toxuma və əl işlərindən ibarət müxtəlif sərgilər keçirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində "Toxuculuq" və "Xalçaçılıq" üzrə peşə kursları fəaliyyət göstərir. Naxçıvan Qızlar Liseyində yaradılmış "Xalçaçılıq" dərnəyində şagirdlər qədim xalq sənətinin əsas növləri ilə tanış olur, xalçatoxuma dəzgahlarında ilməvurma və xalçaların toxuma texnologiyasına, kilim və palaz toxuma vərdişlərinə yiyələnirlər.

Bütün bunlar muxtar respublikamızda xalq yaradıcılığına, xalq sənətlərinin qorunmasına və inkişafına nə qədər böyük diqqət və qayğı göstərildiyindən xəbər verir. 2011-ci il dekabr ayının 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Ali Məclisin Sədri 2012-ci ili muxtar respublikada "Milli dəyərlər ili" elan etmişdir. Belə bir dövrdə, "Milli dəyərlər ili"ndə "Azərbaycan xalçaları: Naxçıvan qrupu" broşürünün nəfis tərtibatla nəşr olunması və ictimaiyyətə təqdim edilməsi xalqımızın milli dəyərlər xəzinəsinə mühüm töhfədir. Şübhəsiz ki, bu broşürün Azərbaycan xalçaçılıq sənətinin inkişafında və elmi-tədqiqat işlərinin aparılmasında mühüm rolu olacaqdır. Əli Həsənov broşürün hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırmış, milli dəyərlərimizə verdiyi yüksək qiymətə, xalq sənətinin inkişafına göstərdiyi qayğıya görə mərasim iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov bildirib ki, "Azərbaycan xalçaları: Naxçıvan qrupu" broşürü ümumilikdə Azərbaycanın tarixinin, Naxçıvanın qədim və zəngin mədəniyyətinin, o cümlədən xalçaçılıq sənəti tarixinin öyrənilməsi işinə mühüm töhfədir.

Qeyd olunub ki, bu gün təqdimat mərasimi keçirilən "Azərbaycan xalçaları: Naxçıvan qrupu" broşürü saxtakarlıq və oğurluq yolu ilə Azərbaycanın mədəniyyət inciləri hesabına özünə "mədəniyyət" yaratmağa çalışan erməni qəsbkarlarına sarsıdıcı zərbədir. Bu broşür konkret faktlar və maddi dəlillər əsasında yazılmaqla Azərbaycanın erməni işğalçılarına qarşı informasiya müharibəsində çox mühüm hücum aktıdır. Broşürün Naxçıvan tarixinin öyrənilməsində də böyük əhəmiyyəti var. Naxçıvan xalçalarında bir neçə dövrün izləri yaşadılmaqdadır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalçaları haqqında fundamental kitabların çap olunmasını, Azərbaycan xalçalarının Naxçıvan qrupu barədə böyük elmi əhəmiyyətə malik olan belə bir broşürün nəşrini əlamətdar hadisə kimi dəyərləndirib.

Layihənin rəhbəri, "Azərbaycan xalçaları" jurnalının baş redaktoru, professor Vidadi Muradov çıxışında bildirib ki, broşürdə Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan qədim Naxçıvanın keçdiyi zəngin tarixi inkişaf yolu, burada toxuculuq mədəniyyətinin formalaşması haqqında ətraflı məlumat verilir. Azərbaycan xalçaçılığında mühüm yeri olan Naxçıvan xalça məktəbi, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətləri, kilim, cecim və zili kimi xalça növləri ayrı-ayrılıqda tədqiq və təhlil olunur. Naxçıvan qrupu xalçaları iki qrupa - xovsuz və xovlu texnika ilə toxunan xalça növlərinə ayrılır. Həmin xalçaların keçdiyi inkişaf yolu isə 4 əsas və ardıcıl dövrə bölünür. Bu barədə broşürdə elmi tədqiqatlara söykənən və xovsuz texnika ilə toxunan xalçalara aid olan həsir, çətən, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax, ladı, xovlu texnika ilə toxunan xalı və xalçalar barədə məlumatlarla tanış olmaq mümkündür.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Kərim Şükürov və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova da çıxış edib.

Sonra "Azərbaycan xalçaları: Naxçıvan qrupu" broşürü haqqında hazırlanmış slayd nümayiş etdirilib, tədbir iştirakçıları həmçinin Naxçıvan Dövlət Xalça Muzeyinin eksponatları ilə tanış olublar.


Bütün xəbərlər Facebook səhifəmizdə