Ermənistanın atəşkəsi pozmasıyla əlaqədar BMT-yə müraciət edildi

Ermənistanın atəşkəsi pozmasıyla əlaqədar BMT-yə müraciət edildi

Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Ermənistan Silahlı Qüvvələri tərəfindən dekabr (2011)- yanvar (2012) aylarında atəşkəs rejiminin pozulması, eləcə də Serj Sarkisyanın çıxışları ilə əlaqədar BMT-nin baş katibinə məktub ünvanlayıb.


BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın rəsmi sənədi kimi yayılan məktubda bildirilir:


"Azərbaycan hökumətinin tapşırığı ilə diqqətinizi Ermənistan Silahlı Qüvvələrinin 2011-ci ilin dekabr və 2012-ci ilin yanvar aylarında atəşkəs rejimini pozmağa davam etməsi ilə bağlı faktlara yönəltmək istəyirəm. Atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi və bir dinc sakin öldürülüb. Qeyd olunan dövrdə Ermənistan Silahlı Qüvvələri intensiv atəş açmaqda davam edib, hərbçilərə, həmçinin mülki hədəfləri təkcə Azərbaycanın işğal altında olan ərazilərindən deyil, həm də Ermənistan ərazisindən atəşə tutmağa davam ediblər".


Məktubda Ermənistan prezidenti Serj Sarkisyanın yanvarın 22-də ölkənin Silahlı Qüvvələrinin yaradılmasının 20 illiyinə həsr olunmuş çıxışı və fevralın 18-də Vətənin Könüllü Müdafiəçiləri İttifaqının 9-cu konfransındakı bəyanatı da pislənilib. Mehdiyev qeyd edib ki, çıxışlarda "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin əsas səbəbləri, gedişi və nəticələrinin təhrif edilməsinin yeni abırsız nümunələri" əksini tapıb.


Sənəddə, həmçinin qeyd edilir ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində öz hərbi mövcudluğunu saxlamaqda davam edir:


"Qeyd olunan məlumatlar təsdiq edir ki, Ermənistanın yürütdüyü təcavüzkar, nifrət və saxtalaşdırma siyasəti münaqişənin danışıqlar yolu ilə nizamlanmasına yönəlmiş səylərə mane olur, regional və beynəlxalq sülh, təhlükəsizlik və stabillik üçün ciddi təhlükə kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə