"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi bu il də Novruz bayramını böyük təntənə ilə keçirəcək. "Nar mobile"ın dəstəyi, "Gazelli İnternational ltd" və "Caspian Coast winery & vineyards" şirkətlərinin iştirakı ilə bayram günlərində "Novruz-Bahar Festivalı" adlı tədbir təşkil ediləcək.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, İçəri Şəhərdə Qoşa Qala Qapısı meydanında martın 20-dən 23-ə qədər baş tutacaq festivalda insanlar müxtəlif müsabiqələrdə iştirak edə biləcək, pəhləvanların, kəndirbazların və sehrbazların çıxışlarını izləmək imkanı qazanacaqlar. Tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı təşkil olunacaq və festival iştirakçılarına milli mətbəximizin müxtəlif nümunələri təklif ediləcək. Bədii və tarixi personajların, İçəri Şəhərin simalarının və Novruz bayramının əsas qəhrəmanları kosa və keçəlin festivalda iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Festival günləri maraqlı bayram konserti ilə də müşaiyət olunacaq, müxtəlif teatrlaşdırılmış bayram tamaşaları nümayiş etdiriləcək.
İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində bu ilk dəfə olaraq "Novruz-Bahar Festivalı" "Qala" Dövlət Tarix-Etnoqrafik Qoruğunda da keçiriləcək. Burada Bahar qədim vaxtlarda olduğu kimi qarşılanacaq və bir müddətlik orta əsrlərin ruhu duyulacaq. Festival geniş konsert proqramı ilə yanaşı maraqlı müsabiqələrlə də yadda qalacaq, azyaşlı uşaqlar üçün də maraqlı oyunlar təşkil olunacaq. Bununla yanaşı festival iştirakçıları yerində hazırlanan milli mətbəximizin nümunələrindən və şirniyyatdan dadacaqlar.
Məlumat üçün bildirək ki, İçəri Şəhərdən "Qala" Dövlət Tarix-Etnoqrafik Qoruğuna və geri istiqamətində 20-21 mart tarixlərində, 13:30-dan 19:30-dək hər bir saatdan bir Qoşa Qala Qapılarından çıxan nəqliyyat festivala getmək istəyən şəxslər üçün ödənişsiz xidmət göstərəcək.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini və çoxsaylı qonaqlarını "Novruz-Bahar Festivalı"nda iştirak etməyə dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB