QHT-lərə Dövlət Dəstəyi Şurası 2012-ci ilin birinci maliyyə yardımı müsabiqəsinə yekun vurdu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi nəticələrinin müzakirəsini martın 14-də keçirilən iclasında yekunlaşdırıb.
QHT- Dövlət Dəstəyi Şurasından SİA-ya verilən məlumata görə, 30 dekabr 2011-ci ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 541 QHT-dən layihə təklifi daxil olub. Onlardan 73-nün texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən kənarlaşdırılmış, 468 layihə təklifi ekspertizaya göndərilmişdir.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 265 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Şura müraciətlərin çoxluğunu nəzərə alaraq, 2012-ci ilin birinci maliyyə yardımı müsabiqəsi üçün ayrılan 1,1 milyon manat vəsaitə ikinci maliyyə yardımı müsabiqəsinin fondundan 556,700 manat maliyyə vəsaiti əlavə etmək haqda qərar qəbul edib. Beləliklə, bu müsabiqədə dəstəklənmiş 265 layihəyə ümumilikdə 1 656 700 manat vəsait ayrılıb.
Qeyd edək ki, müsabiqə qalibləri 15 aprel 2012-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 28 mart 2012-ci il saat 15.00-dək qəbul edilir.
İclasda, həmçinin, Şura üzvlüyünə keçirilmiş yeni seçkilərin yekunları ilə bağlı məsələ müzakirə olunub. Seçkilərin obyektiv, demokratik və şəffaf keçirildiyi, vətəndaş cəmiyyətinin layiqli namizədlərə səs verdiyi bildirilib.
İclasda Şuranın fəaliyyətinin bir sıra başqa sahələrilə bağlı müzakirə edilən məsələlərə aid qərarlar qəbul edilib.
Cari məsələlər sırasında QHT həyatının müxtəlif məsələləri müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB