Vüqar Bayramlı:\"Əmanətlərin qaytarılması 1 milyon 800 min vətəndaşa şamil ediləcək\". MÖVQE

Vüqar Bayramlı:\"Əmanətlərin qaytarılması 1 milyon 800 min vətəndaşa şamil ediləcək\". MÖVQE

Azərbaycan Prezidenti İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 1992-ci il 1 yanvar tarixinə kimi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan şəxslər əmanətlərini geri ala biləcəklər.

İqtisadçı ekspert Vüqar Bayramlının SİA-ya verdiyi açıqlamaya görə, verilən fərman təxminən 1milyon 800min vətəndaşa şamil ediləcək: "Bu addım əhalinin sosial vəziyyətinin yaxsılaşdırılmasına hesablanıb. Əmanətlərin qaytarılması Azərbaycanda sosial vəziyyətə müsbət təsir edəcək. Vaxtilə SSRİ Əmanət Bankına qoyulan əmanətlərin məbləği 4,8 milyard rubl idi, həmin əmanətlər Azərbaycan manatına indeksasiya edilərək vətəndaşlara qaytarılacaq".

Vüqar Bayramlı deyib ki, ilkin mərhələdə əmanətlərin rus rublundan Azərbaycan manatına kecirilməsi mexanizmi Nazirlər Kabineti tərəfindən işlənib hazırlanır. Bu zaman güman edilir ki, MDB ölkələri təcrübəsindən istifadə edilə bilər: "Bu təcrübədə isə göstərilir ki, əgər qoyulan əmanətin məbləği daha yüksəkdirsə o zaman manata çevrilərkən məbləğ azalacaq.Az məbləğ isə indeksasiya olunarkən qorunacaq".

Buna misal olaraq aşağıda verilən cədvəli göstərə bilərik:

Əmanət qalığı (manat)

Hesablanma qaydası

0,04 manata (2000 rubla) qədər olduqda

Əmanət qalığının hər bir qəpiyi üçün 75 manat

0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda

300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat

0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda

600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat

0,2 manatdan (10000 rubldan)yuxarı

1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat

Əmanətlərin geri qaytarılmasının həyata keçirilmə prosesindən danışan Vüqar Bayramlı hesab edir ki, əmanətlərin qaytarılması ilkin mərhələdə əhalinin müəyyən imtiyazlı hissəsinə tətbiq ediləcək. Bura 1940-cı ilə kimi təvəllüdlü şəxslər, Qarabağ əlilləri və veteranları eləcədə şəhid ailələri nəzərdə tutulur. Daha sonra növbəli şəkildə digər vətəndaşlara şamil olunacaq.

Qeyd edək ki, əmanətlərin qaytarılması dünyasını dəyişən şəxslərə də aid edilir. Belə ki, SSRİ Əmanət Bankında əmanəti olan şəxs dünyasını dəyişibsə o zaman həmin məbləğ onun ailə üzvlərinə qaytarılacaq.

İqtisadçı ekspert deyir ki, əmanətlərin qaytarılması dedikdə yalnız sovet banklarına qoyulan əmanətlərin qaytarılacağı nəzərdə tutulur. Özəl banklarda qalan əmanətlərin qaytarılması isə müzakirə mövzusu deyil. Çünki özəl banklarda qalan əmanətlər fərdi şəxslər tərəfindən mənimsənilib. Bununla bağlı yalnız özəl bankların rəhbərləri məsuliyyət daşıyır.

Qeyd edək ki, Əmanətlərin qaytarılması \"Kapital Bank\" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə