Yeni Azərbaycan Partiyası gəncliyin partiyasıdır

Yeni Azərbaycan Partiyası gəncliyin partiyasıdır

SİA-nın "Azərbaycan gəncliyi" rubrikasının bugünkü qonağı YAP Respublika Gənclər Birliyi Şurasının üzvü, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynovdur


Məlumat üçün bildirim ki, S.Hüseynov gənc olmasına baxmayaraq, artıq cəmiyyətdə sözünü deməyi bacaran və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən gənclər sırasındadır. Onun bu illər ərzində yaratdığı portret S.Hüseynovun fəal və yaradıcı potensiala malik olduğunu göstərir. O, Bakı Slavyan Universitetinin filologiya fakültəsini və universitetin magistratura şöbəsinin ədəbi tənqid nəzəriyyəsi və tarixi ixtisasını fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda, universitetin Yaradıcılıq fakültəsində təhsil alıb, ədəbi işçi ixtisasına yiyələnib. Universitet qəzetinin əməkdaşı, fakültə tələbə həmkarlar təşkilatının sədri, YAP universitet gənclər birliyinin sədri vəzifəsinə təyin olunub. Dəfələrlə müxtəlif elmi konfransların qalibi və mükafatçısı olub, diplomla təltif edilib. Təhsildə və universitetin ictimai həyatında fərqləndiyinə görə "Heydər Əliyev" təqaüdünə layiq görülüb.

2008-ci ildən YAP Nəsimi rayon təşkilatında təlimatçı vəzifəsində işə başlayıb. Həmçinin, Bakı Slavyan Universitetinin doktorantı, "Postsovet dövrü Azərbaycan nəsrində antik mifoloji yaddaş" adlı ədəbiyyat üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.

- Sərraf müəllim, bu gün gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan gəncliyinin qarşılaşdığı və gələcəkdə qarşılaşa biləcəyi problemlərin dövlət səviyyəsində həlli istiqamətində, bir gənc olaraq, münasibətinizi bilmək istərdik.

- Gənclik xəzinədir. "Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən-milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür", bu sözlər bir əsr əvvəl nəşr edilən "Fuüzat" jurnalının səhifələrini bəzəyirdi. Bir əsr ötməsinə baxmayaraq bu gün də gənclik haqqında olan bu ifadələr öz dəyərini saxlamışdır. Bizlər bu gün Azərbaycan gənci olmağımızla qürur duyuruq. Bu qüruru bizdə yaradan davamlı inkişafda olan, sabit və firavan dövlətdə yaşamağımız və millətimizə, xalqımıza, vətənimizə xidmət ruhunda tərbiyə olunmağımızdır. Gənclər cəmiyyətin ən həssas, hər an qayğıya və məsləhətə ehtiyacı olan bir hissəsidir. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə hakimiyyətə gəldiyi gündən başlayaraq gəncliyə böyük diqqətlə yanaşmışdır. Bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin sütunlarını Heydər Əliyev yaratmışdır. Bunun nəticəsidir ki, hazırda Azərbaycan gənci bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir.

Azərbaycan gənclərinin cəmiyyətdə rolunu artırmaq, onların ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmaq, gənclərin qərar qəbulu səviyyəsində iştirakını təmin etmək kimi vacib məsələlərin təməli Ulu Öndər tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur. Bu gün bu məsələlərin daha geniş səpkidə inkişafı ölkə Prezidenti İlham Əliyevin apardığı dövlət gənclər siyasətində özünü göstərməkdədir.

Hələ 2005-ci ildə Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi Dövlət Proqramı"ı gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaratmışdır. Bu proqramda nəzərdə tutulan ən mühüm məsələlərdən biri, heç şübhəsiz, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması idi. Çünki bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan artıq vətəndaşı qaçqın düşən xalqın gəncliyinin vətənpərvərlik tərbiyəsi ən mühüm məqamdır. Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılmışdır. Biz gənclər bunu çox yüksək dəyərləndiririk. Cənab Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən, bu gün icrasına başlanılmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. İnanıram ki, bu proqramın həyata keçirilməsi nəticəsində, gənclərimizin sosial təminatı daha da güclənəcək, gənclərin mənzillə təminatı yaxşılaşacaq, onların işlə təmin olunması ilə bağlı problemlər öz həllini tapacaqdır. Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. Bu qayğı ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur. İnanıram ki, Azərbaycan gəncliyi bu etimadı, bu gün olduğu kimi, gələcəkdə də doğruldacaqdır.


- Yeni Azərbaycan Partiyası gəncliyin partiyasıdır. Partiyanın fəal üzvü olaraq gördüyünüz işlərlə bağlı məlumat verməyiniz yaxşı olardı.

- Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirən mükəmməl qurulmuş siyasi sistemdir. Biz gənclər seçdiyimiz bu partiyanın ölkəmizin müstəqillik tarixində oynadığı rolundan, ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlərdən və əldə edilən böyük nəticələrdən əlavə başlıca vəzifəmiz YAP-ın sıralarında olmaq, bu partiyanın siyasətini dəstəkləmək elə Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləmək, bu yolda çalışmaq deməkdir. Bu baxımdan, YAP-ın üzvü olmaq bizləri qürurlandırır.

Biz Yeni Azərbaycan Partiyasının gənclər birliyi olaraq, hazırda həyata keçirilən dövlət gənclər siyasətinin iştirakçıları, həm də dövlətimizə, xalqımıza və bütün Azərbaycan gəncliyinə xidmət etmək üçün çalışırıq. Partiya rəhbərliyinin böyük dəstəyi ilə müxtəlif səpkili layihələr həyata keçiririk. Bu layihələrdən gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yay və qış məktəblərinin təşkil olunmasını, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı ordumuzun əsgərləri ilə görüşlərin keçirilməsini, gənclərin bilik və bacarıqlarının artırılması ilə bağlı yarışların, müsabiqələrin, elmi konfransların, seminar və treninqlərin keçirilməsini göstərə bilərəm. Bu il də həyata keçirdiyimiz işləri davam və inkişaf etdirməyi, region gəncləri ilə sıx əlaqələr yaratmağı, gənclərimizin beynəlxalq əməkdaşlığını daha da gücləndirməyi nəzərdə tutmuşuq.

Biz bütün bu fəaliyyətimizlə partiyamızın Sədri olan Prezidentimiz cənab İlham Əliyevin biz gənclərə olan inamını və etimadını doğrultmağa çalışırıq.


Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə