Bazarların Novruz sevinci-ARAŞDIRMA

Bazarların Novruz sevinci-ARAŞDIRMA

Novruz bayramı yaxınlaşdıqca, hər il olduğu kimi bu ildə bayram süfrəsi üçün vacib sayılan ərzaq məhsullarına təlabat artır. Novruz bayramı ərəfəsində Novruz süfrəsi açılır, Novruz xonçası bağlanır. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir ki, bunlara şəkərbura, paxlava, şəkərçörəyi və digərləri daxildir. Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur.

Bütün bu nemətləri almaq və süfrəyə düzmək üçün insanlar müəyyən imkanlara malik olmalıdır. Bəs, görəsən, bu ərzaqların qiyməti bazarlarda necə dəyişir? Məsələni araşdırmaq üçün paytaxt bazarlarından birincə olduq.


Novruz süfrəsinə qoyulan iydə 6 manat, innab və digər nemətlərin qiyməti isə orta hesabla 3 manat idi. Kişmişin kilosunu 3-4 manata, albuxaranı 10 manata, qoz ləpəsi 10-12 manata, fındıq ləpəsini 10 manata, şabalıdı 5 manata, tumsuz xurmanı 5 manata almaq olar. Bazarda meyvələrin qiyməti də fərqli idi. Belə ki, mandarin 5 manat, alma 1 manata 50 qəpik, onun Smerinka növü 4 manat, heyva 6 manat, portağalın qiyməti 1 manat 50 qəpiklə 2 manat arasında dəyişir. Tərəvəz məhsullarına gəlincə, xiyarı 1 manat 50 qəpiyə, pomidoru 2 manata, kartofu isə 1 manat 50 qəpiyə almaq mümkün idi. Novruzun əsas elementlərindən olan səmənilərin bazarı da pis deyildi. Onun alıcıları kifayət qədər idi. Qiymətini də öyrəndik. Belə ki, səməninin qiyməti 50 qəpik-1 manat arasında dəyişir.


Alıcılar da öz növbəsində bazarda qarşılaşdıqları qiymətdən razı olduqlarını deyiblər. Onların sözlərinə görə, qiymətlərdə ciddi artımlar qeydə alınmayıb.


Tükəzban Əliyeva deyib ki, qiymətlər əvvəlki günlərlə eynidir: \"Nə artım, nə də azalma yoxdur. Qiymətlər normaldır və bundan razıyıq. Artıq bu qiymətlərə öyrəşmişik. Allah hər kəsin ruzisini versin ki, onlar da öz balalarını bayramda sevindirə bilsinlər\".


Leyla Məmmədova da qiymətlərdən razı olduğunu vurğulayıb: \"Yarmarkalarda qiymətlər ucuzdur. Bizim üçün gətirirlər, bizdə imkanımız daxilində alaraq evimizə aparırıq. Qiymətlər bazarlara nisbətən çox ucuzdur\".


Satıcılar da xalqımız hər bir nümayəndəsinin ucuz qiymətə məhsullarla təmin olunması üçün lazımlı şəraitin yaradıldığını deyiblər. Murad Həsənov adlı satıcı qeyd edib ki, yarmarkalarada alıcıların da fəallığı yüksəkdir. Qiymətlərdə bayram öncəsi artım yoxdur və stabil şəkildə qalıb.


Təbii ki, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfat Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Kənd Təsərrüfatı Nazirliyin əməkdaşı Zakir Bağırov isə bildirib ki, bayram ərəfəsində təşkil olunan yarmarkalar martın 10-dan 20-dək davam edəcək: \"Buraya Hacıqabul, Sabirabad, Gədəbəy, Qusar və digər rayonlardan olan fermerlər müxtəlif növ məhsullar çıxarıblar. Çalışırıq ki, zəhmətkeşləri, Bakı şəhər sakinlərinin bayram süfrələrini ucuz qiymətli məhsullarla təmin edə bilək. Yarmarkalarda qiymətlər bazarlara nisbətən 20-25 faiz ucuzdur\".


Biz də öz növbəmizdə yarmarkada qiymətlərin daha aşağı olduğunun şahidi olduq. Belə ki, qozun ləpəsini 6 manata, müxtəlif növ meyvələrin qurusunu 3-4 manata, yumurtanı 7 qəpiyə, toyuq ətini 2 manat 50 qəpiyə, soğanı 30 qəpiyə, kartofu 40 qəpiyə, şokaladın 1 kq-nı 2 manat 70 qəpiyə, sərinləşdirici içkiləri isə 1-3 manata almaq mümkün idi. Meyvələrə gəlincə, almanın qiyməti 70 qəpiyə, narıngini 1 manat 50 qəpiyə, portağal isə 1 manat 30 qəpiyə idi. Süd, qatıq, qaymaq və digər ağartı məhsullarının qiyməti isə 1-3 manat arasında dəyişirdi. Ətin qiyməti də digər günlərə nisbətən yarmarkada daha ucuz qiymətə satılır. Belə ki, mal ətini 5 manata, qoyun ətini isə 5 manat 50 qəpiyə almaq mümkündür.


Novruz süfrəsinin neçəyə başa gələcəyini təsəvvür etmək üçün ümid edirik ki, sizə kömək olduq. Bizim ilkin hesablamalarımıza görə, bayram süfrəsi 100-150 manatdan yuxarı qiymətə başa gəlir. Son hesablamanı isə özünüz aparın. Nə deyirik, bazar olsun. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır. Bu baxımdan da bayram süfrələriniz həmişə bol və açıq olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə