İlin ilk 2 ayı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 405,2 mln. manat təşkil edib

İlin ilk 2 ayı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 405,2 mln. manat təşkil edib

Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar və fevral aylarında qeyri-büdcə sektoru üzrə proqnozu 106, 4 faiz icra edib.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 405,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 99,8 mln. manat və ya 32,7 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 20,8 mln. manat artaraq 176,5 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,9 faizi və ya 109,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,0 faiz və ya 11,7 mln. manat artmış, proqnoz isə 106,4 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 16,4 faiz artıb.

2012-ci ilin yanvar-fevral aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 67,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5 faiz və ya 9,0 mln. manat artmış, proqnoz 99,8 faiz icra olub.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 0,4 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

Cari ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 391,6 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 386,3 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9 mln. manat və ya 31,2 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32 faiz və ya 92,1 mln. manat artaraq 379,4 mln. manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 5,3 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,4 mln. manat və ya 7,4 faiz çoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə