Beynəlxalq sərgilər mövsümü aprel ayında start götürəcək

Beynəlxalq sərgilər mövsümü aprel ayında start götürəcək

Azərbaycanda "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü aprel ayında start götürəcək. "Iteca Caspian" –dan SİA-ya verilən məlumata görə, bu mövsümdə bizi ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans gözləyir. Təşkil olunan bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən rəsmi şəkildə dəstəklənir və artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin hər il bir sıra sərgiləri şəxsən ziyarət etməsi keçirilən sərgilərin əhəmiyyətini və onlara ölkə rəhbərliyi tərəfindən göstərilən diqqəti bir daha təsdiqləyir. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzv olmağımız isə bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir. Belə ki, burada sərgilər statistik məlumatlar və müvafiq təşkilatçılıq səviyyəsi baxımından hər il tam yoxlamadan keçərək keyfiyyət nişanına layiq görülür. İri sənaye sərgiləri beynəlxalq strukturlar tərəfindən də dəstəklənir.

2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edirlər. Onların arasında "Azerfon-Vodafone" (rabitə tərəfdaşı), "AZAL" şirkəti (rəsmi hava daşıyıcısı), "Caspel" şirkəti (texniki dəstək), "Hilton Baku" və "Qafqaz Point" hotelləri (rəsmi mehmanxanalar) və "Greenwich Travel Club" (rəsmi turizm operatoru) kimi şirkətlər də var.

Qeyd edək ki, bütün sərgilər "Bakı Ekspo" mərkəzində keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə