Ombudsman baş prokurora müraciət edib

Ombudsman baş prokurora müraciət edib

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olublar. SİA-nın xəbərinə görə, onlar bu müəssisədə Quba hadisələri ilə bağlı saxlanılan beş nəfər şəxslə görüşüblər. Onlardan üçü 1 mart, ikisi isə 7 mart 2012-ci il tarixlərdə həbs olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 233-cü maddələri ilə təqsirli bilinərək barələrində həbs-qətimkan tədbiri seçilib. Onların hər biri dövlət hesabına vəkillə təmin olunub.

Bu şəxslərlə təkbətək söhbət zamanı, onlar tutulduğu müddət ərzində hər hansı zorakılığa məruz qalmadıqlarını bildiriblər. Onların bədəninə baxış keçirilib, xəsarət izləri aşkar edilməyib. Həmçinin həmin istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı və bir sıra şəxslərlə də təkbətək söhbət aparılıb. Onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Eyni zamanda onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Habelə Ə.Zeynallı göndərdiyi müraciətlərə cavab almadığını deyib. Bu məsələ yerində araşdırılıb və məlum olub ki, onun ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti qurumlara göndərilib. İstintaq təcridxanasında saxlanılan qadın təqsirləndirilən şəxs Q. isə Ombudsmanın müvafiq quruma müraciətindən sonra onun istintaqını aparan müstəntiq dəyişdirildiyi üçün müvəkkilə minnətdarlığını bildirib.

Müvəkkil Baş prokurora müraciət edərək başçəkmənin nəticələri ilə bağlı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə