Paytaxt İlaxır çərşənbəni qeyd etdi - FOTOSESSİYA

Paytaxt İlaxır çərşənbəni qeyd etdi - FOTOSESSİYA

Bu gün İlaxır çərşənbədir bu isə o deməkdir ki, artıq yurdumuza bahar gəlir. Havalar istiləşir, Torpaq oyanır, təbiəti yaşıllıq bürüyür. Ənənəyə sadiq olaraq bu il də son çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz tədbirləri çərçivəsində şənliklərə start verildi. Qoşa Qala qapısının qarşısında səhər saatlarında böyük bir izdiham yaşanırdı. Keçəl və Kosa öz zarafatları ilə paytaxt sakinlərini əyləndirir, milli geyimli 12 atlı süvari, 5 faytonda olan musiqiçilər son yol hazırlıqlarını görürdü. İzdihama qoşulan paytaxt sakinləri isə fürsətdən istifadə edib Kosa və Kecəllə şəkil çəkdirirdilər. Nəhayət vaxt yetişdi. Atlılar atlandılar, faytonlar və 6 dəvədən ibarət ilə karvan, Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qızı, Keçəl-Kosa, digər iştirakçılar müqəddəs odu alovlandırmaq üçün Suraxanı rayonu ərazisindəki "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğuna yola düşdü.

Yola düşən karvanı Bakı şəhər İcra Hakimiyyətinin qarşısında şəhər meri Hacıbala Abutalıbov salamladı. Daha sonra paytaxt küçərəri boyu irəliləyən karvan sakinlərin alqış və sevinc nidaları ilə qarşılandı. Nəhayət ki, uzun yol qət edən karvan günorta saatlarında Suraxanı atəşgahına yetişdi.

Burada bayram bayrama qarışmışdı. Bir tərəfdə Cəngi sədaları altında idmancı pəhləvanlar güclərini nümayiş etdirir, digər bir tərəfdə də milli geyimli rəqs kollektivləri öz rəqslərini təqdim edirdilər. Dədə Qorqud və Bahar qızı atəşgaha gələrək rəmzi məhşəli alovlandırdı.

Hər kəsin üzündə bir bahar sevinci yaşanırdı. Paytaxta istiqamət alan karvan isə aramla addımlayırdı. Yanar məhşəli əlində tutan cəngavərlər yol boyu düzülən sakinləri salamlayır milli musiqinin sədaları altında rəqs edirdilər.

Axsam saatlarında karvan nəhayət ki, Qoşa Qala qapısının qarşısındakı "Gənclər" meydanına gəlib catdı. Burada isə möhtəşəm bir tonqal hazırlanıb alovlanacağı anı gözləyirdi. Tonqallar çatıldı, incəsənət ustaları isə milli musiqilərini təqdim etdi. Beləcə, ölkəmiz ilaxır cərşınbəni yola salıb Novruzu qarşılamağa bir addım atdı. Bu gün əsl bayram-əhval-ruhiyyəsi hiss olundu.

Hamını İlaxır Çərşənbə münasibətilə təbrik edirik!

Bol sevinc, ruzi-bərəkət, uğurlar diləyirik!

Bayramınız mübarək.

Bütün xəbərlər Facebook səhifəmizdə