Novruz Karvanı Atəşgahdan od götürdü

Novruz Karvanı Atəşgahdan od götürdü
Bu gün İlaxır çərşənbədir və bu günü Bahar bayramının başlanğıcı kimi də qiymətləndirmək olar. Ənənəyə sadiq olaraq bu il də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz tədbirləri çərçivəsində şənliklərə başlanılıb. SIA-nın məlumatına görə, bu gün səhər saat 10:00 radələrindən Qoşa Qala qapısından milli geyimli 12 atlı süvarinin, 5 fayton və 6 dəvənin müşayiəti ilə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qızı, Keçəl-Kosa, musiqiçilər və digər iştirakçılar Suraxanı rayonu ərazisindəki "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğuna yola düşdü.Yola düşməmişdən əvvəl keçəl və kosa öz zarafatları ilə paytaxt sakinlərini əyləndirdi. Kimi kosa və keçəllə şəkil çəkdirir, kimisi isə at və dəvələrlə maraqlanırdı. Yolların açılması üçün yol polisi də ətrafa nəzarət edirdi. Yola düşən karvanı Bakı şəhər İcra Hakimiyyətinin qarşısında şəhər meri Hacıbala Abutalıbov salamladı. Artıq karvan Suraxanı rayonundadır və Atəşgahdan od götürülüb və bayram tədbirindən sonra karvan şəhərə qayıdır. Qeyd edək ki, yandırılmış məşəl Qoşa Qala qapısındakı "Gənclər" meydanına gətiriləcək və bu odla saat 19:00-da bayram tonqalı alovlandırılacaq. Sonra isə Qoşa Qala qapısının qarşısında Novruz şənliyi keçiriləcək. Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə