Layihə çərçivəsində 29 nəfəri işlə təmin olundu - FOTO

Layihə çərçivəsində 29 nəfəri işlə təmin olundu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov və BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Fikrət Akçura arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Norveç Krallığının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Erlinq Şönsberq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Xaliq İlyasov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli iştirak ediblər.

Nazir müavini Natiq Məmmədov prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayan ölkədə bütün sahələrdə olduğu kimi, məşğulluq xidməti sahəsində də səmərəli iş metodlarının tətbiqinə, bu məqsədlə mütərəqqi beynəlxalq təcrübədən geniş istifadəyə xüsusi önəm verildiyini deyib. Qeyd olunub ki, BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin "SYSLAB" şirkətinin birgə əməkdaşlığı ilə 2011-ci ildə "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində ötən ilin 4 oktyabrında Bakı şəhər Məşğulluq İdarəsində açılışı olan SYSLAB Bakı mərkəzi ötən dövr ərzində 120 nəfər işsiz və iş axtaran şəxsə təlim dəstəyi göstərməklə, onların iş axtarma bacarıqlarını inkişaf etdirməklə, dövlətin həyata keçirdiyi məşğulluq siyasətində innovasiyanın inkişafına töhfə vermək və iş axtaranları əmək bazarına inteqrasiya etmək məqsədi daşıyır. İlkin olaraq layihədə iştirak etmək üçün 40 nəfər işaxtaran şəxs müsahibə yolu ilə seçilərək layihəyə cəlb olunub. Onlara motivasiya, təqdimatlar keçirmək bacarıqları, komanda işi, fərdi bacarıqların təhlili, telefon danışığı texnikaları, CV və rezume yazılışı, müsahibə bacarıqları üzrə təlimlər keçirilib. Layihə müddətində müxtəlif özəl və dövlət müəssisələri ilə əlaqələr qurulub, dəvət olunmuş ekspertlər və təlimçilər iştirakçılarla görüşlər keçirib, ayrı-ayrı qurumlarla əlaqələr yaradılaraq iştirakçılar işlə təmin olunublar. Həmçinin iştirakçılar Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən Əmək Yarmarkalarında iştirak edib, beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan təhsil və karyera sərgilərinə səfər ediblər.

Layihənin birinci mərhələsində 36 iştirakçıdan 29 nəfəri işlə təmin olunub, 4 nəfər iştirakçı isə öz xahişləri ilə müxtəlif şəxsi və ailə məsələləri səbəbindən layihədən ayrılıblar. İştirakçılar öz profillərinə uyğun müxtəlif sahələr üzrə özəl və dövlət müəssisələrində iş tapmağa müvəffəq olublar. Onlardan hətta şəxsi biznesini inkişaf etdirənlər də olub. Görüşdə SYSLAB layihəsi çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə