Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olundu

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olundu

Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub. SİA-nın xəbərinə görə, qətnamədə dünya birliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə öz səylərini səfərbər etməyə çağırış yer alıb.

Qətnamədə gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər təqdir edilib. Dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə öz səylərini səfərbər etməyə çağırılıb, xalqın məruz qaldığı terror və soyqırımı aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması işinin bütün dünya azərbaycanlılarının müqəddəs borcu olduğu vurğulanıb.

Qətnamədə Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi təsdiq edilib. Dünya Azərbaycanlı Gənclər Birliyinin icra orqanlarına tapşırılıb ki, bir ay müddətində birliyin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlayıb Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim etsin.
Qətnamədə İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən həyata keçirilən "Xocalıya Ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasında gənclərin daha fəal iştirakının təmini, Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi tanınması məqsədilə beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq gənclər təşkilatları, xarici ölkələrin icra və qanunverici orqanları, KİV-ləri, QHT-ləri ilə mütəmadi iş aparılmasının zəruriliyi qeyd edilib. Bundan əlavə, sənəddə birliyin bir ay müddətinə rəsmi internet səhifəsinin yaradılması, mətbu orqanının təsisi nəzərdə tutulub.

Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq gənclər təşkilatlarına müraciəti də qəbul olunub. Müraciətdə gənclər təşkilatları Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iş aparmağa çağırılıb.

Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da qəbul edilib.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə