Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı ikinci paneldə öz işini davam etdirir
Xəbər verdiyimiz kimi, bu gün "Gülüstan" Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir. Birinci paneldə "Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi" mövzusu ətrafında aparılan məruzələr və müzakirələr öz işini başa çatdırıb. Birinci panel ərzində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra Rusiya prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin qurultay iştirakçılarına ünvanlanan məktubu oxunub.
Tədbirin davamında PA-nın şöbə müdiri Əli Həsənov, millət vəkili Fuad Muradov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərov və digərləri məruzələrlə çıxış edib.
Hazırda "Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında" mövzulu ikinci panel işinə başlayıb. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun rəhbərlik etdiyi paneldə müxtəlif mövzulu məruzələr aparılıb.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsi Azərbaycanı Avropada tanıtmaqdır. Bu məqsədlə Avropa mediasında Azərbaycanla bağlı məqalələr çap edilir, filmlər çəkilir. O qeyd edib ki, diaspor işində digər mühüm vasitə nəşrlərdir. Avropa Azərbaycan Cəmiyyəti bir çox kitablar, o cümlədən "Qafqazda erməni məsələsi" kitabını nəşr etdirib, bu kitab ABŞ-da ermənilərin narazılığına səbəb olub: "Rəhbərlik etdiyim təşkilatın nisbətən asan fəaliyyət göstərməsinin səbəblərindən biri Azərbaycan dövlətinin konstruktiv mövqe tutmasıdır. Xüsusilə də Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu konstruktiv mövqe bizim fəaliyyətimizi asanlaşdırır. Diaspor işindən, Azərbaycanın dünyada təbliğindən danışarkən Heydər Əliyev Fondunun həyata keçirdiyi kampaniyaları da xüsusi qeyd etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB