Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Eurovision" işçi qrupunun rəhbəri Toğrul Məmmədlinin SİA-ya müsahibəsi:
- İttifaqa necə qoşulmusunuz?
- 2011-ci ildə ATGTİ-nin Qubada keçirdiyi Qış "Liderlik Məktəbi"nin iştirakçısı idim. İttifaqla bu böyük layihə çərçivəsində tanış oldum. İndi isə ATGTİ-nin "Eurovision" işçi qrupunun rəhbəriyəm.
- Nə vaxtdan "Eurovision" mahnı müsabiqəsini izləyirsiniz?
- İlk dəfə "Eurovision" mahnı müsabiqəsi haqqda 2003-cü ildə Türkiyənin müsabiqədəki qalibiyyətindən sonra xəbər tutdum və ildən ilə məndə bu müsabiqəyə baxmaq həvəsi yarandı. Azərbaycan iştirak etdiyi bütün illərdə (2008-2011) öz müsiqi mədəniyyətini layiqincə təmsil etdi və sonda nəticə etibarı ilə qələbə qazandıq və bu il bu mötəbər müsabiqəyə Azərbaycan ev sahibliyi edir. Bu qürur verici hadisədir.
- Necə oldu ki, ATGTİ daxilində belə bir işçi qrupu yaradıldı, bu sizin təşəbbüsünüzdür?
- Bizim işçi qrupumuzun yaranması ümumi gənclərin təşəbbüsü idi. ATGTİ-nin bir qrup fəalı tərəfindən verilən təklifə əsasən keçən ilin 29 avqustunda ATGTİ-nin "Eurovision" işçi qrupu yaradıldı. Əsas fəaliyyət istiqamətlərindən biri "Eurovision 2012"nin işində yerli təşkilat komitəsinə dəstək olacaq könüllülərin yığılması idi. Sirr deyil ki, könüllülər "Eurovision"nun əvəzolunmaz hissəsidir. Müsabiqəni izləməyə 10 minlərlə turistin gələcəyini nəzərə alsaq, onlarla işləmək üçün könüllülərin olmasına böyük ehtiyac var. Seçilmiş könüllü gənclər qonaqlara Bakının müxtəlif yerlərini gəzdirəcək, Azərbaycanın mədəniyyəti, tarixi haqqında maraqlı məlumatlar verəcək və zəngin mətbəximizi təqdim edəcəklər. Azərbaycanda bir neçə qurum və gənclər təşkilatları ilə birgə ATGTİ də mahnı müsabiqəsinin təşkilində könüllü olmaq istəyən gənclər yığdı.
- İşçi qrupunuz hansı qurumlarla əməkdaşlıq edir?
- ATGTİ "Eurovision" işçi qrupu bu gün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Belə ki, "Eurovision"nun idarə heyəti işçi qrupumuz haqda artıq məlumatlıdır. Eyni zamanda işçi qrupumuz İTV ilə əməkdaşlıq edir. ATGTİ "Eurovision" işçi qrupunun dəstəkləyən qurumlar arasında Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını da xüsusi qeyd etmək lazımdır. Tələbələrimiz tərəfindən verilən təkliflər arasında ölkəmizin regionlarda xüsusi azarkeş zonalarının yaradılması məsələsi var. Avropa təcrübəsindən gördüyümüz kimi "Eurovision"u qəbul edən şəhərdən əlavə həmin ölkənin regionlarında "Eurovision azarkeş zonaları" yaradılır. Regionlarda yaşayan gənclər yaradılan "zonalar" vasitəsi ilə canlı şəkildə müsabiqəni izləyə bilirlər. Təbii ki, Azərbaycanda da bu ənənə davam edəcək, tələbələr tərəfindən verilən təkliflər əsasında pilot layihə olaraq Sumqayıt və Şəki şəhərlərində "Eurovision azarkeş zonaları"nın yaradılması planlaşdırılıb.
- Bildiyimizə görə ATGTİ "Eurovision 2012"nin işinə dəstək məqsədi ilə 300-ə yaxın müxətlif xarici dil bilikləri olan könüllü seçib. Seçdiyiniz gənclər bu məsuliyyətli işin öhdəsindən gələ biləcəklərmi?
- Gənclər və İdman Nazirliyimizlə birgə ATGTİ 2 mərhələdən ibarət olan könüllü seçimi həyata keçirdi. I mərhələdə müraciət edən gənclərin motivasyaları yoxlanıldı, II mərhələdə isə həmin gənclər "Eurovision" işçi qrupu tərəfindən müsahibədən keçirildilər. Onu da qeyd edim ki, müsahibə mərhələsində isə seçimlər psixoloji vəziyyət və dil bilikləri üzrə aparılıb. ATGTİ-nin könüllüləri arasından əksər tələbə gənclər ingilis və rus dillərini bilirlər, əlavə olaraq isə fransız, alman, ispan, ibri, italyan, yunan, norveç, polyak, çex, sloven, fars və ərəb dillərini bilən könüllülərimiz də var. Hal-hazırda bu könüllülər Gənclər və İdman Nazirliyində sonunucu seçim mərhələsindən keçirlər. Gənclərimizə böyük ümid bəsləyirik və əminik ki, onlar bu mötəbər müsabiqənin təşkilinə kömək edəcək, bu missiyanı layiqincə yerinə yetirəcəklər.
- Nəzərə alsaq ki, yarışmanın başlanmasına 3 aya yaxın vaxt qalıb, Sizin fəaliyyət planlarınızda nələr var?
- Bakıda müsabiqə həyəcanı artıq hiss olunur. İşçi qrupumuzun fəaliyyətinin də bir hissəsi artıq yekunlaşıb. Bu "Eurovisin 2012"nin işinin təşkilinə kömək üçün könüllülərin yığılması başa çatıb. Hər kəsə bu işdə uğurlar arzulayıram. Umid edirəm ki, gənc könüllülərimiz işlərinə məsuliyyətlə yanaşacaq, ölkəmizi Avropadan gələn turistlər qarşısında yüksək səviyyədə təmsil edəcəklər. Təşkilatımız adından bu il Azərbaycanı təmsil edəcək Səbinə Babayevaya da uğurlar arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB