Avropa Tələbələr Birliyinin nümayəndələri Azərbaycanda səfərdədir

Avropa Tələbələr Birliyinin nümayəndələri Azərbaycanda səfərdədir

Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinə üzv olan təşkilatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. SİA-nın verdiyi xəbərə görə, Karlos Agiusun rəhbərlik etdiyi Avropa Tələbələr Birliyinin (ATB) nümayəndə heyətinin tərkibinə 38 ölkədən 45 tələbə təşkilatı daxildir. Səfərlərinin ilk günü Avropalı qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, şəhidlərimizin xatirəsini anıb.


Finlandiya, Polşa, Estoniya, Serbiya və Malta təmsilçilərindən ibarət nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əlaqələri genişləndirmək, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və təhsil sistemində aparılan islahatlarla tanış olmaqdır.


Nümayəndə heyəti səfər çərçivəsində Gəncə şəhər rəhbərliyi, orada yerləşən ali təhsil müəssisələri, dövlət qurumları və regional QHT nümayəndələri ilə də görüşüb.


Nümayəndə heyəti eyni zamanda Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə də görüşüb.


Səfər proqramına uyğun olaraq Avropa Tələbələr Birliyinin nümayəndələri Xəzər, Bakı, Slavyan və Azərbaycan Dillər Universitetlərinin rəhbərləri ilə görüşüb. Bunlardan əlavə Avropalı qonaqlar Gənclər və İdman eyni zamanda Təhsil Nazirlikləri ilə görüşlər keçirib.


Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nümayəndələri 2011-ci ilin noyabrında Avropa Tələbələr Birliyinin Bolqarıstanda keçirilən idarə heyətinin iclasında iştirak edib.



Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə