Dünya qəzetlərinin gündəmində nə var?

Dünya qəzetlərinin gündəmində nə var?

İsrailin ‘Haaretz’ qəzeti yenə ölkədəki siyasətçilərin reytinqinə dair sorğunun nəticələrini dərc edib. Dünənki sayında Netanyahu və partiyasının reytinqinin artdığını yazan qəzet bu gün də digər siyasətçilərlə bağlı göstəricilərə yer verib. Xəbərə görə, ölkə prezidenti Şimon Peres inanılmaz dərəcədə populyardır. Tsipi Livninin reytinqinin isə üzüaşağı getdiyi, ilk günlərdəki populyarlığını tamamilə itirdiyi bildirilir.

İspaniyanın "El Pais" qəzeti isə hökumətin öölkə tarixinin ən sərt əmək islahatını həyata keçirdiyini xəbər verib. Yazıda bildirilir ki, yeni əmək islahatları paketinə 147 nəfər "hə", 197 nəfər isə "yox" deyib. Qəzet yazır ki, demokratiya tarixinin ən sərt maddələrini ehtiva edən qanun işçilərin işdən çıxarılmasını asanlaşdırır. Bundan əlavə, iş verənlərin istədikləri təqdirdə işçilərin maaşını azaltmasına imkan verir.


Səudiyyə Ərəbistanında çıxan "Al Sharq Al Awsat" qəzeti isə Dəməşq və Hələbdəki müxalifət fəallarının xalqın partlama nöqtəsinə gəldiyini söylədiklərini yazıb. Xəbərdə, müxaliflərin Hələbin də Əsadın nəzarətindən çıxmaq üzrə olduğuna dair fikirlərinə yer verilib. Qəzet eyni zamanda yazıb ki, bölgədəki əşirətlər 24 bölükdən ibarət hərbi sistem qurmağı və dinc insanları rejimin hücumundan qorumağı planlaşdırırlar.


Fransanın "Le Figaro" qəzeti isə keçən ay Suriyada yaralanan Fransız jurnalist Edit Boviyenin bu ölkədəki müşahidələrini dərc edib. Evit Boviyə bildirir ki, Xumsdakı xəstəxananın ətrafında tam bir xaos yaşanır, yollar tamamən dağılıb, bombardmanların arası kəsilmir. Suriyadakı üsyançıların bölgə xəstəxanasının isə bir növ sığınacaq, bir insanlıq adası olduğu bildirilir. Xəbərə görə, buraya yaralılar toplanıb və onlar haradasa heç dərman olmadan müalicə olunurlar: "Sanki ölümlə döyüşürlər".


Almaniyanın "Die Welt" qəzeti istefa verən prezident Kristian Vulf üçün rəsmi vida mərasimi keçirildiyini, 160 nəfərin Vulfun haqqındakı iddialar səbəbilə dəvəti rədd etdiyini yazıb. Xəbərdə bildirilir ki, ana müxalifət partiyası sosial-demokratların lideri Siqmar Qabriel "vəzifəsini yerinə yetirə bilməyən birinə Almaniya üçün böyük işlər görmüş biri kimi" vida mərasimi keçirilməsinə etiraz edib. 100-ə yaxın insan isə "Şərəf yoxsa, pensiya da yoxdur" yazılmış plakatlar və vuvuzelalarla Vulfa etirazlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə