Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib.
SİA-nın məlumatına görə, əvvəlcədən müraciət etmiş 20 seçicinin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.
Görüş zamanı müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət problemləri də yer alıb. Millət vəkilinə müraciət edən seçicilər əsasən iş, mənzil o cümlədən qanunvericiliklə bağlı bir sıra məsələləri haqqında Fuad Muradova məlumat veriblər.
Vətəndaş Təbiyyət Rzayevanın problemi isə dövlət ehtiyacları üçün sökülməsi nəzərdə tutulan evi ilə bağlı idi. Belə ki, evin yerləşdiyi Bayıl qəsəbəsindən keçəcək yeni yolun tikintisi ilə bağlı evin söküləcəyi təqdirdə vətəndaşa ediləcək ödənişdə problem yaranmışdı. Onun mənzilindən əlavə bütün sənədləri qaydasında olan 6 sot torpağı üçün ödəniş nəzərdə tutulmayıb. Millət vəkili aidiyyatı qurumlara bununla bağlı müraciət edəcəyini bildib.
Vətəndaş Novruz Mürsəlov isə Bayıl qəsəbəsində yerləşən Hüseynbala Əliyev, Dağlı, Çernyaxovski, Lomonosov, Mürsəlov və digər küçələrdə su probleminin olduğunu millət vəkilinin diqqətinə çatdırdı. Belə ki, adıçəkilən küçələrdə su qrafikinin dəqiq vaxtı olmadığından sakinlər bəzi problemlərə üzləşir. Millət vəkili tezliklə bu məsələnin öz həllini tapacağını bildirib.
Digər vətəndaşların məsələləri isə sosial, iş və digər sahələri əhatə edirdi. Seçiciləri qəbul edilib dinlənildikdən sonra Millət vəkili Fuad Muradov onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı öz göstərişlərini verib. Millət vəkili həmçinin seçicilərinin bir sıra məsələlərinin həll edilməsi ilə bağlı yerində göstərişlər verib və onların həll olunması üçün müəyyən tədbirlər görülüb.
Qeyd edək ki, millət vəkili görüşə gələn xanımları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə də təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB