Türkiyənin Azərbaycandakı Səfirliyində ötən il Vanda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımında fəallıq nümayiş etdirən şəxslərə sertifikatlar təqdim olunub. SİA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, Vanda baş verən zəlzələdən sonra ilk yadım edən ölkə Azərbaycan olub. Onun sözlərinə görə, zəlzələdən dərhal sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən "siz tək deyilsiz" mesajı gəlib. Səfir vurğulayıb ki, ötən ilin sonu və bu ilin əvvəli həm zəlzələ, həm siyasi-ictimai sahədə baş verən hadisələr Azərbaycan və Türkiyənin bir- birilərinin kədərini və sevinclərini bir yaşadığını sübut edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz Aslanov Vanda baş verən zəlzələdən sonra Azərbaycanın göstərdiyi yardımlar barədə məlumat verib: "Vanda baş verən zəlzələnin yaratdığı problemlər, çətinliklər bütün dünya ictimaiyyətinə Azərbaycanla Türkiyənin yan-yana olduğunu nümayiş etdirdi. Bizim qazancımız o oldu ki, bir çox insanlar adının hallanmaması şərti ilə qardaşlarına yardım etməyi özlərinə borc bildilər. Yardım kampaniyasında ən çox pul köçürən Dövlət Yol Polisi İdarəsi olub".
Tədbirin sonunda sertifikatlar sahiblərinə təqdim olunub. Bunlara millət vəkilləri Tahir Süleymanov, Nazim Fərəcov, Arif Əşrəfov, Eldar İbrahimov, Eldar Quliyev, Mahir Aslanov, "Azəryolservis" Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinn mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov və digərləri daxildir.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB