Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin təsis edilməsinin 20 illiyi qeyd edilib
Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin təsis edilməsinin 20 illiyinə həsr edilən tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Böyük Britaniyanın ölkəmizdə keçmiş səfiri Endryu Taker, İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri, Parlamentin üzvü Lord Freyzer və Cəmiyyətin üzvləri, Londonda akkreditə olunmuş səfirlər və diplomatlar, bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyəti, Azərbaycan Hava Yolları və Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliklərinin əməkdaşları, jurnalistlər iştirak ediblər.
Səfir Fəxrəddin Qurbanov iki ölkə arasındakı münasibətlərin tarixinə və hazırkı vəziyyətinə nəzər salıb. O, ötən 20 il ərzində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının durmadan genişləndiyini, enerji siyasətinin həyata keçirilməsində Britaniya şirkətlərinin öncül rol oynadığını diqqətə çatdırıb. Hazırda ölkədə 170-ə yaxın Britaniya şirkətinin fəaliyyət göstərməsi, 5000 britaniyalının işləməsi kimi faktları iki ölkə arasındakı əlaqələrin səviyyəsini bariz şəkildə nümayiş etdirdiyini qeyd edib. Səfir qeyri-neft sektoruna son zamanlar Britaniya şirkətlərinin maraq göstərdiyini və bu istiqamətdə irəliləyiş olduğunu vurğulayaraq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin genişləndiyini nəzərə çatdırıb, bu ildən BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərən Azərbaycanın növbəti iki il ərzində beynəlxalq miqyasda Britaniya ilə əməkdaşlıq edəcəyini vurğulayıb.
Ölkələr arasında təhsil və mədəni mübadilə sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayaraq, Britaniya universitetlərində təhsil alan azərbaycanlıların sayının artdığını, hazırda təkcə Dövlət Təqaüd Proqramı çərçivəsində bu ölkənin müxtəlif universitetlərində 156 tələbənin təhsil aldığını bəyan edib. Səfir həmçinin Britaniyada da Azərbaycan təşkilatlarının fəal olduqlarını, İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti, Azərbaycan Evi kimi qurumların ölkələrimiz arasındakı münasibətlərə və Azərbaycan mədəniyyətinin bu ölkədə tanıdılmasına töhfə verdiklərini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, bu sıx tərəfdaşlıq gələcəkdə bütün istiqamətlərdə davam etdiriləcək və yeni əməkdaşlıq sahələrini əhatə edəcək.
Tədbirdə həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord Freyzer çıxış etmişdir. Çıxışında o, Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu, müstəqilliyin ilk illərindən etibarən bu əməkdaşlığın sağlam təməllər üzərində qurularaq genişləndiyini ifadə edib. İlk illərdə ikitərəfli əməkdaşlığın əsasən neft və qaz sahələrini əhatə etdiyini, lakin hazırda bir çox yeni sahələrdə uğurlu əməkdaşlığı nəzərə çatdırıb. Ötən 20 il ərzində Azərbaycanın qazandığı uğurlardan bəhs edən Lord Freyzer bu il ölkədə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsini mühüm hadisə adlandırıb və müsabiqənin keçirilməsində Azərbaycana uğurlar arzulayıb.
Çıxışların ardınca tədbir iştirakçıları üçün Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB