Novruz bayramı ərəfəsində növbəti amnistiya ola bilərmi? SİA-ya bu sualı araşdırıb. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev Novruz bayramı ərəfəsində növbəti amnistiya qəbul ediləcəyi ilə bağlı hər hansı yeniliyin olmadığını deyib: "Biz məsələni konret olaraq müzakirə etməyək. Çünki, məndə təsdiq olunan hər hansı bir məlumat yoxdur. İstənilən halda hər bir müraciət komissiya tərəfindən araşdırılır. Bütövlükdə hər bir ərizəyə baxılır. Bunu bü gün bu prosesin başlandığını deyə bilmərəm".
Lakin məsələ gündəmdə olaraq qalır. Milli Məclisin çərşənbə günü keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsinin qəbul edilməsi də təklif olunub. Millət vəkili İqbal Ağazadənin fikrincə, həbsdə olan insanların Novruz Bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirmələri yaxşı hal olardı: "Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, növbəti əfv fərmanının imzalanması üçün müraciət edilməlidir".
Milli Məclisdə bu fikirlər səslənsə də hələlik Amnistiya Aktına dair qanun layihəsi Milli Məclisin gündəliyində yoxdur. Lakin bununla belə sənəd hazırlanan kimi parlamentin müzakirəsinə çıxarılacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, hələlik Milli Məclisdə Amnistiya Aktı layihəsinin müzakirəsi gözlənilmir, lakin qanun layhəsinin Novruz bayramına qədər Milli Məclisdə müzakirəyə çıxarılacağı da istisna deyil: "Amnistiya Aktı bir qanun aktıdır və Milli Məclisdən keçdiyi üçün deyə bilərəm ki, hələlik mənim təmsil olunduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində belə bir layihə yoxdur. Ola bilər ki, yaxın zamanlar üçün olsun. Amma konkret yaxın bir neçə gündə bu layihənin olması ilə bağlı fikirlərin verilməsi düzgün deyil".
Qeyd edək ki, AŞ PA-nın məruzəçisi Jozef Debono Qrexin Bakıya səfərində də 2 aprel aksiyası zamanı həbs edilən 16 nəfərin azadlığa buraxılması müzakirə olunub. Görüşlərinn yekununa dair keçirilən mətbuat kofnrasında isə Jozef Debono Qrex həmin şəxslərin işlərinə yenidən baxılacağını və Novruz bayramına qədər onların azad olunacağını bildirib.
Xatırladaq ki, 1996-cı ildən indiyədək Azərbaycanda 9 amnistiya, 48 əfv fərmanı imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB