Sevil Yusifova: “Bu gün qadın jurnalistlərin əməyində faydalılıq əmsalı daha yüksəkdir”
Deyirlər dünyanı bir arada tutan ən dəyərli varlıq qadınlardır. Sabah, yəni 8 mart günü bütün dünyada Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu münasibətlə biz də SİA olaraq Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova ilə həmsöhbət olduq və tanınmış həmkarımızın Azərbaycan qadını və ölkəmizdə çalışan jurnalist qadınlar haqqında fikirlərini öyrəndik.
- Bu gün Azərbaycan qadınının ictimai-siyasi sferadakı rolu barədə nə deyə bilərsiniz?
- Azərbaycan qadınının ictimai-siyasi həyatdakı rolu, gördüyü işləri və fəaliyyətini izləsək görərik ki, qadınlarımızın çox böyük işlərin altında imzası var. İstər ən ucqar rayonlara, kəndlərə nəzər salsaq görərik ki, Azərbaycan qadının gördüyü işlər, cəmiyyətə verdiyi töhfələr saysız-hesabsızdır. Yəni bu gün istər elm sahəsində, istər idman, istər texniki sahədə qadınların sayı günü-gündən artır və qadınlarımız öz sözlərini deməyi bacarırlar. Şübhəsiz ki, Azərbaycan qadınının portretindən danışarkən ilk öncə sözsüz olaraq hər birimizin gözü qarşısında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər dayanır. Bu gün xarici ölkələrdə Azərbaycan qadını kimdir, desək, ilk əvvəl Mehriban xanım Əliyevanın adı yada düşür. Deyə bilərəm ki, bu gün bizim üçün, gənclər üçün, Azərbaycan insanı üçün belə bir örnəyin varlığı, Mehriban xanımın çox genişmiqyaslı fəaliyyəti hər bir Azərbaycan qadınını daha da fəal olmağa, daha böyük sövqlə çalışmağa vadar edir.
Mən ötən ay Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə idim. Ölkənin müxtəlif şəhərlərində keçirdiyimiz konfranslar, simpoziumlar zamanı şahidi oldum ki, orda hamı Azərbaycan qadınının, xüsusi ilə birinci xanımın gördüyü işlərdən xəbərdardır, bu işləri təqdir edirlər. Orada hamı belə bir Azərbaycan qadının olması ilə fəxr edirdi və deyirdilər ki, Mehriban Əliyeva bir Azərbaycan türkü olaraq bütün türk dünyası qadınlarının simvoluna çevrilib.
- AJQA-nın prezidenti olaraq və fəal bir jurnalist kimi necə fikirləşirsiniz, bu gün Azərbaycanda jurnalist qadınlar öz sözünü deyə bilirmi?
- Mən bütün çıxış və konfranslarda deyirəm ki, Azərbaycan mediasının böyük yükü qadınların zərif çiyinləri üzərindədir. Əgər say etibarı ilə götürsək demək olar ki, kişilərlə eyni sayda mediamızda qadın təmsilçilərimiz var. Onların əksəriyyəti repartyor, redaktor kimi fəaliyyət göstərirlər. Əgər bunlar olmasa, qadın əməyi olmasa, düşünürəm ki, gündəmdə normal bir qəzet də olmazdı. Azərbaycanın qadın jurnalistlərinin əməyi sayəsində bu gün televiziyalarımızda gözəl verilişlər ortaya çıxır, internet saytlarda maraqlı informasiyalar yazılır, bu da onların o gərgin əməyinin nəticəsidir.
Bu gün həm qadın olmaq, həm də jurnalist olmaq çox çətindir. Jurnalist peşəsinin özü çətin peşələr sırasındadır. Lakin qadın olaraq bu peşədə özünü göstərmək ikiqat fədakarlıq tələb edir. Azərbaycan qadını da istər ailəsində, istər peşəsində, istərsə də digər sahələrdə çox fədakar və məsuliyyətlidir. Ona görə də mən Azərbaycanın qadın jurnalistləri ilə fəxr edirəm. Bu gün cəmiyyətin maarifləndirilməsində, informasiya tələbatının ödənilməsində bilavasitə qadın əməyi görünür. Siz fikir versəniz görərsiniz ki, bu gün cəmiyyətdə qadın jurnalistlərin əməyində faydalılıq əmsalı daha yüksəkdir.
- Son olaraq həmkarlarınız başda olmaqla Azərbaycan qadınlarına bayram münasibəti ilə ürək sözlərinizi eşitmək maraqlı olardı...
- Mən sizin vasitənizlə və sizin timsalınızda Azərbaycanın bütün qadın jurnalistlərini 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onlara yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Və deyirəm ki, səsiniz və əməliniz daim ucadan gəlsin.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB