Dövlət Sosial Müdafiə Fondunun saytında vətəndaşlara xidmət imkanları daha da genişləndirilib
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2004-cü ildən fəaliyyətdə olan saytında vətəndaşlara xidmət imkanları daha da genişləndirilib. SİA-nın xəbərinə görə, xüsusilə saytın "Əlaqə" bölməsində əhalinin Fondla maneəsiz əlaqə saxlamaq üçün bir sıra təkmilləşdirilmələr aparılıb. İndiyə qədər bu bölmədə DSMF-nin yerli şöbələrinin ünvanları, əlaqə telefonları, vətəndaşların qəbulu qrafiki, yol sxemi və digər zəruri informasiyalar əks olunub.
Fond tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin obyektiv araşdırılması məqsədilə buraya Fondun bütün yerli şöbələrində vətəndaşların müraciətlərini birbaşa telefonla cavablandırmaq üçün məsul şəxslərlə bağlı informasiyalar əlavə edilib. "Vətəndaşların müraciətləri ilə bağlı Fondun orqanlarında birbaşa telefon əlaqəsi üzrə məsul şəxslər barədə ətraflı məlumat" altbölməsi DSMF-nin rəsmi saytının (www.dsmf.gov.az, www.sspf.gov.az) "Əlaqə", həmçinin yeni yaradılan "Etik davranış" bölmələrində yerləşdirilib. Burada hər bir rayon şöbəsi üzrə vətəndaş müraciətlərinə telefon əlaqəsi üzrə məsul şəxslərin adı, soyadı, vəzifəsi, telefon nömrəsi yerləşdirilib.
DSMF-nin hər bir rayon şöbəsində fəaliyyətə başlayan bu xidmətin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaqdır. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına daha geniş imkanlar yaradacaq, bir sıra problemlərin dərhal həllinə təkan verəcək.
Elektron formada daxil olan müraciətlər prosedur qaydalar gözlənilməklə elektron poçt vasitəsilə cavablandırılır. Bundan başqa, DSMF-də vətəndaşların qəbulu müəyyənləşdirilmiş günlərə və saatlara uyğun olaraq əlaqə telefonları vasitəsilə qəbula yazılmaqla aparılır. Vətəndaşların qəbulu Fondun sədri tərəfindən hər həftənin cümə günləri, digər vəzifəli şəxslər tərəfindən isə həftənin iş günləri və ya bilavasitə həyata keçirilir. Daha çox pensiya məsələləri ilə bağlı olan müraciətlərlə işin yaxşılaşdırılması üçün Fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların maneəsiz qəbulu həyata keçirilir və onları maraqlandıran sualların birbaşa cavablandırılması təmin olunur.
2008-ci ildən isə Fondun Aparatının əməkdaşları ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması məqsədilə müasir tipli "190" nömrəli telefon məlumat xidməti də fəaliyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB