Bakıda “Vergi borclarının idarə edilməsi” üzrə İşçi Qrupunun ilk iclası keçirilir
Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) "Vergi borclarının idarə edilməsi" üzrə İşçi Qrupunun ilk iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə təşkilata daxil olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri iştirak edib.
İclasda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov "Vergi borclarının idarə edilməsi" üzrə İşçi Qrupunun ilk iclasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, son illər Azərbaycanda bu sahədə bir sıra nailiyyətlər əldə olunub, vergi borclarının məcburi alınması ilə bağlı inzibatçılığı xeyli təkmilləşdirilib. Vergilər Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verdiyini deyən S.Ələkbərov təşkilatın işçi qrupunun bu iclasının iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi borclarının idarə olunması sahəsində səmərəliliyin daha da artırılması istiqamətində mühüm addım olacağına inandığını deyib.
İOTA-nın texniki eksperti, "Vergi borclarının idarə edilməsi" üzrə İşçi Qrupunun rəhbəri Yevgenius Soldatkovas müzakirə olunacaq məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin davamında nazirliyin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Əliyev "Vergi borclarının idarə olunması sistemi" adlı təqdimatla çıxış edib. O, çıxışı zamanı vergi borclarının strukturu və onun idarə olunmasının strategiyası, vergi borclarının yığılması prosesinin avtomatlaşdırılması, vergi ödəyicilərinin öhdəlikləri, borcların azalma tendensiyası və digər məsələlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Bakıda keçirilən işçi qrupunun iclası martın 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB