Ötən ay Azərbaycandan 940 əcnəbi çıxarılıb

Ötən ay Azərbaycandan 940 əcnəbi çıxarılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 940 əcnəbi ölkə vətəndaşı Azərbaycandan çıxarılıb. DMX-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində fevral ayında 1164 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 224 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 798 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 142 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Fevral ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 4941 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə