Bu gün gündoğandan günbatana qədər türk xalqları "Novruznamə" təbirincə Yel çərşənbəsini qarşılayır. Novruz bayramı öncəsi, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi qədim türk etiqadlarına görə mühüm əhəmiyyət kəsb edir.
Əski etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nəhrdə" yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü bu dörd yellə birləşən külək dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Odur ki, Yel çərşənbəsində daha çox baharın gəlişi hiss olunur.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Yel çərşənbəsi ilə əlaqədar bəzi mənbələrdə "yel baba" ifadəsi də işlənir ki, bu da üçüncü çərşənbə və həmçinin əkinçiliklə əlaqələndirilir.
Xalqımızın əski təsəvvürlərinə görə, "Yel baba" xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Çünki əski inanclara görə, Yelin arxasında Böyük ruh dayandığı üçün müqəddəs hesab olunur. Odur ki, qədimdə insanlar Yel dağına ziyarət gedər, adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirər, qurban kəsərmişlər.
Yel çərşənbəsinin ovqatını yaşayanların bayramı mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB