2010-cu ilin may ayında Kür və Araz çaylarında daşqınlar zamanı ziyan çəkmiş Sabirabad rayonunda kənd sakinləri üçün yeni qəsəbələr tikilib. Yeni qəsəbə 50 fərdi yaşayış evlərindən ibarətdir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, açılış mərasimində FHN-nin nazir müavini Orucəli Hacıyev və Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak edib.
İcra başçısı kənd sakinlərinin qarşısında çıxış edərək bildirib ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə FHN tərəfindən Sabirabadda vəziyyətin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb: "Sabirabadda daşqınlardan ziyan çəkmiş sakinlərimiz üçün bu günə qədər 1078 ev tikilib. Hazırda 362 evin tikintisi davam edir. Ulacalı kəndində 251 evin tikintisi başa çatıb və bu gün 50 evdən ibarət qəsəbə sakinlərin istifadəsinə verilir. Qəsəbənin yaxınlığında isə 36 mənzilin tikintisinə başlanılıb. Eyni zamanda Mürsəlli kəndində 77, Şıxlar kəndində 27 evin tikinti işləri davam etdirilir. Rayonumuzda tikilən evlərlə yanaşı 228 mənzildə bərpa bərkitmə işləri aparılır. Yenidənqurma işləri çərçivəsində Ulacalıda 123 ev, Mürsəllidə 108 ev, Şıxlarda isə 44 evin təmiri həyata keçirilir. Sabirabadda dövlət vəsaiti hesabına 1 milyon 517 min manat dəyərində tikinti işləri görülüb. Əhaliyə dəyən ziyan müqabilində 553 təsərrüfata 568 min 895 manat kompensasiya ödənib. FHN tərəfindən rayonumuzda 12 sosial obyektdə əsaslı təmir tikinti işləri həyata keçirilib".
Rayon rəhbəri dövlət başçısının Sabirabad rayonuna aid 6 sərəncam imzalamasını xüsusi qeyd edib. Bunlardan 4-ü Sabirabadın sosial iqtisadi inkişafına, 2-si isə rayonun qabaqcıl sakinlərinin dövlət mükafatlarına layiq görülməsi barədə olub.
FHN-nin müavini Orucəli Hacıyev öz çıxışında sakinləri yeni mənzillərdə təmin olunmaları münasibəti ilə təbrik edərək bundan sonra da ölkə başçısı İlham Əliyevin göstərişi əsasında Sabirabadda bu tipli işlərin davam etdiriləcəyini bildirib.Açılışı rəmzi olan lent kəsildikdən sonra mənzillərə baxış keçirilib. Sakinlər isə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni gündə Ulacalı kəndində yeni təmir olunan Böyükağa Ağayev adına 220 şagirdlik 13 sinif otağından ibarət orta məktəbin də açılışı olub.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB