Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Türk Dünyası" Folklor Mərkəzinin təşkilatçılığı ilə əl işlərindən ibarət ənənəvi sərgi keçirilib. SİA-nın xəbərinə görə, "Azərbaycanda çay mədəniyyəti" adlı sərgidə çay mədəniyyəti çalarlarını əks etdirən əl işləri və eksponatlar nümayiş olunub. ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbrin məqsədinin Azərbaycanda çay mədəniyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək idi.
Beynəlxalq və Qafqaz Azərbaycan Çay Assosiasiyasının prezidenti, professor Fərman Quliyev çay haqqında iştirakçılara maraqlı bilgilər verib. Çayın 37 ölkədə istehsal olunduğunu və bu ölkələr sırasına Azərbaycanın da daxil oluğunu qeyd edib. O, çayın insan orqanizmi üçün xeyirli tərəflərinin olduğunu bildirib.
Tədbirdə çayın tarixi, istehsal olunduğu yerlər və digərləri haqqında videoçarx göstərilib. Sonra ADU-nun tələbələrinin ifasında çay haqqında bayatılar, səhnəciklər, şerlər səslənib. Müxtəlif mərasimlərdə çayın hansı formada təqdim olunması haqqında səhnəcik nümayiş olunub.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov isə bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb. Sonda qonaqlar çay süfrəsinə dəvət olunub.
Xatırladaq ki, əl işləri sərgisi son 3 ildə sayca beşinci dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu ilin martın 5-də reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB