Azərbaycanda xaricidilli mətbuatın durumu, problemləri və inkişaf perspektivləri müzakirə olunub
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin yaranmasının üç illiyinə həsr olunmuş "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə təşkil edilmiş tədbirdə ölkədəki xaricidilli mətbuatın vəziyyəti müzakirə olunub.
MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, ölkəmizdə xarici dillərdə 50-dək qəzet və jurnal nəşr olunur. Azərbaycan oxucusunun qəzetlə ilk tanışlığı "Əkinçi"dən əvvəl, 1828-ci ildə rus dilində çap olunan "Tiflisskie vesti"dən başlayıb. XIX əsrin əvvəllərində isə "Kaspi" qəzetinin ölkəmizdə azadlıq, müstəqillik məfkurəsinin formalaşmasında böyük rolu olub.
Ə.Amaşov ölkədə yüksək tirajla çap olunan xaricidilli qəzet və jurnallar haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, xaricdə və ölkə daxilində ictimai fikrin formalaşmasında onların əhəmiyyətini qeyd edib.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə MŞ-nin əlaqələrinin ildən-ilə genişləndiyini, birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, xaricidilli mətbuata həsr olunmuş tədbirin əhəmiyyətini qeyd edib. Ölkədəki kütləvi informasiya vasitələrinin fəaliyyətini və jurnalistlərin əməyini yüksək qiymətləndirən S.Seyidov onlarla əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlının, "Azernews" qəzetinin baş redaktoru Fazil Abbasovun, ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB