Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ATİ-də olublar

Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ATİ-də olublar

Fransa səfirliyinin fransız dilinin tədrisi üzrə məsul şəxsi Azelma Həsənova səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini və universitetlərarası əməkdaşlıq üzrə məsul şəxs Dmitriy Balitski Azərbaycan Turizm İnstitutunda qonaq olublar. SİA-nın xəbərinə görə, sual-cavab formatında keçən görüşün əvvəlində Fransa səfirliyin Əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzini onun ölkəsində təhsil alınması və Fransız dilinin öyrənilməsinin mahiyyəti haqqında danışıb. Qonaq Bakıda Fransa İnstitutunun fəaliyyəti haqqında məlumat verərək ATİ –nin müəllim və tələbələrinə həmin institut haqqında broşurlar təqdim edib. V.Lorenzini həmçinin vurğulayıb ki, Fransa institutunda fransız dili kursları tədris olunur və Bakıda bu ilin may ayında keçiriləcək Avroviziya mahnı müsabiqəsinə fransız dilli turistlərin gəlişi üçün bələdçi-tərcüməçilərin hazırlanması prosesi bu institutda həyata keçirilə bilər.

ATİ-nın dekanı Nəsirulla Nəsirli tələbələrin seçmə dil üzrə Fransız yox, məhz Alman dilinə üstünlük vermələrinin səbəbini qonaqlara izah edib bildirib ki, bunun səbəbi Fransa səfirliyinin ATİ ilə əlaqələrinin arzuedilən səviyyədə olmamasıdır. Dekan əlavə olaraq qeyd edib ki, ATİ və Fransanın turizm üzrə Savinyak ali məktəbləri ilə vaxtında ikitərəfli müqavilə də hazırlayıb, lakin bu günədək əməkdaşlıq istiqamətində heç bir əlavə addım atılmayıb. Nəsirulla Nəsirli bildirib ki, Fransanın indiki zamanda turizm sahəsində aparıcı yerlərdən birini tutmasını nəzərə alaraq, ATİ tələbələri üçün Fransanın ali məktəblərində turizmə aid müxtəlif sahələr- xüsusilə aşbazlıq, restoran işi üzrə sahələrdə təhsil almaları yaxşı olardı.

Vensan Lorenzini sonda Milli Azərbaycan Tarix muzeyində mart ayının 10-u başlayacaq və iki ay davam edəcək Luvr sərgisinin keçirilməsi barəsində xəbər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə