Nazirlikdən evsiz-eşiksiz, səfil həyatı yaşayanlara xoş müjdə

Nazirlikdən evsiz-eşiksiz, səfil həyatı yaşayanlara xoş müjdə

Yaxın gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evsiz-eşiksiz, səfil həyatı yaşayanlar üçün xüsusi sığınacaqların tikintisi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli məlumat verib. O bildirib ki, hazırda smeta sənədlərinin hazırlanması istiqamətində iş aparılır. Onun sözlərinə görə, nazirliyin bu və ya digər istiqamətlər üzrə müxtəlif yeni layihələri var və bu istiqamətdə zamanla iş aparılır.

Bakı şəhərində havaların soyuq keçməsi ilə əlaqədar sığınacaqların istifadə verildiyini deyən E.Kələntərli əlavə edib ki, belə sığınacaqlar yetkinlik yaşına çatmayan uşaqlar üçün də inşa olunacaq: "Yeni sosial obyektlər, yəni, yetkinlik yaşına çatmayanlar üçün sığınacaqlar, reabilitasiya mərkəzləri, gözdən əlillər üçün bərpa mərkəzilərinin digər bölgələrdə də inşa etdirilməsi planlaşdırılır. İlkin olaraq respublikanın 8 rayonunda yetkinlik yaşına çatmayanlar üçün belə sığınacaqların tikintisi nəzərdə tutulub".

Aparat rəhbərinin müavini əlavə edib ki, hazırda "Bakı şəhəri və paytaxtətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına" dair dövlət proqramının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Onun sözlərinə görə, 2011-ci ildə dövlət proqramlarının icrasında heç bir səngimə olmayıb, işlər nəzərdə tutulan səviyyədə davam etdirilib. Bunun icrasını həyata keçirmək üçün nazirliyin nəzdində aparılan tikinti işləri vaxtında icra olunur. Hazırda istər Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramı, istər regionların sosial-iqtisadi dövlət proqramı və dövlət investisiya proqramına uyğun olaraq nazirlik tərəfindən həyata keçirilən tikinti proqramı tam olaraq davam etdirilir. Bu layihələr 2013-ci ilin sonuna kimi başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə