Nəsimi RİH: “Sahibkarlıq subyektlərindən pul yığılması xəbəri uydurmadır”
Bu ilin may ayında Azərbaycanın paytaxtında beynəlxalq musiqi yarışması - "Eurovizion-2012" keçiriləcək. Ötən il Azərbaycan musiqiçiləri Nigar və Eldarın qazandıqları qələbə sayəsində bu mötəbər yarışa ev sahibliyi etmək Bakıya həvalə olunub. Məlum məsələdir ki, ölkəmiz bütün imkanlarından istifadə edib musiqi yarışmasını layiqincə keçirmək istəyir. Bunun üçün Azərbaycanın imkanları da az deyil.
"Eurovizion-2012"nin Azərbaycanda keçirilməsi təkcə musiqi bayramı deyil, eyni zamanda Azərbaycanın təbliğatıdır, kimliyimizin sübutuna yaradılmış real imkanlardan biridir. Milli mətməximizin, mədəniyyətimizin, təhsilimizin, daxili turizmin, tarixi abidələrimizin, iqtisadi imkanlarımızın təbliğini də bu sıraya aid etmək olar. Və nəhayət, bu, bir fürsətdir ki, əlimizə keçib. Başqa ölkələr kimi bundan məharətlə istifadə etməliyik. Çünki, Azərbaycan həqiqətlərini xarici qonaqlara yetərincə çatdıra bilsək, mahnı yarışmasından sonra ölkəmizə gələn turistlərin sayında kifayət qədər artım olacaq.
Amma Azərbaycan hökumətinin gördüyü işlərə kölgə salmağa çalışan qüvvələr də var. Həmin qüvvələr daxildəki həmfikirləri ilə birləşib ölkəmizdə bu yarışı keçirməsi üçün şəraitin olmadığı, insan haqlarının pozulduğu, dini, irqi ayrıseçkiliyin olduğu haqda yalan, həqiqətdən uzaq məlumatlar yayırlar. Bəzən bu yalançı, populist çıxış edənlərin sırasına kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də qoşulur.
Bəzi KİV-də bu ilin may ayında Bakı şəhərində keçiriləjək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi adından istifadə edərək Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları tərəfindən sahibkarlıq subyektlərindən pul vəsaitinin yığılması, müqavimət göstərənlərin isə təhdid olunması barədə yazılar dərc olunur.
SİA-nın əməkdaşı bununla bağlı Nəsimi RİH-dən münasibət öyrənib. İcra Hakimiyyətindən bildirilib ki, qərəzli, konkret fakta söykənməyən, ümumi sözlərdən ibarət olan bu yazılarda göstərilənlər yalandır, heç bir əsası yoxdur, kimlərinsə subyektiv maraqlarının məhsuludur. Hesab edirik ki, bu yazılar "Eurovizion-2012" kimi möhtəşəm tədbirin keçirilməsinə son dərəcə diqqət və məsuliyyətlə hazırlaşan iqtidar nümayəndələrinin fəaliyyətinə kölgə salmağa yönəlmiş cəhddən savayı başqa bir şey deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB